“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə gətirildilər
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır.
Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula gətiriliblər. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqda ittiham irəli sürülüb.
Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə “məsulu” olub.
Salih Zəki İgit isə FETÖ adından Mersin əyalətindəki iş adamlarından vergi toplayıb. Toplanan vəsait ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə göndərilib.
2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğramasından sonra İgit Ukraynaya qaçıb.
Mənbə:> Oxu.Az