Millət vəkili: Virtual aləm qanunvericiliklə tənzimlənməlidir
Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.
O, qeyd edib ki, virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu var.
“Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq.
İnsan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır.
Bizim evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə, mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır.
Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur.
Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sıındırılıb ki, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır.
Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirsə, deməli, biz təhlükədəyik...
Odur ki, qanunvericiliyimiz bu cür təhlükələrin qarşısını almaq üçün daha da təkmilləşdirilməli, işlək hala gətirilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Mənbə:> Oxu.Az