Rusiya Amerika yüklərinin Azərbaycandan Qazaxıstana tranzitinə etiraz edir
Rusiya KTMT üzvü olan ölkələrin ərazisində Amerika laboratoriyalarının, həmçinin yüklərin Əfqanıstana tranziti üzrə Astana ilə Vaşinqton arasında bu yaxınlarda bağlanmış müqavilələr çərçivəsində Xəzər limanlarında ABŞ-ın logistik infrastrukturunun yaranması perspektivindən narazıdır.
Virtualaz.org “Kursiv” nəşrinə istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov bu sualları KTMT xarici işlər nazirlərinin iyunun 11-də Almatıda keçirilmiş görüşündə qoyub.
Rusiya XİN KTMT xarici işlər nazirlərinin iclasının gündəliyini öncədən tərtib etmişdi. Güman edilirdi ki, tərəflər KTMT daxilində xarici siyasi koordinasiya məsələlərini, beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edəcək və orta və kiçik mənzilli raketlərin ləğvi barədə müqaviləyə əsasən bəyanat qəbul edəcəklər.
Sergey Lavrov görüş vaxtı başqa məsələlərlə yanaşı, Moskva üçün hissiyyatlı digər məsələləri də qaldırıb.
Bunlardan biri Xəzər dənizindəki Kurık və Aktau limanlarından istifadə etməklə Azərbaycandan Qazaxıstana və buradan Əfqanıstana Amerika tranzitinə aid idi.
Virtualaz.org yazmışdı ki, bu barədə razılaşma hələ ötən il əldə olunmuş və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvar ayında Vaşinqtona səfəri zamanı rəsmən təsdiqlənmişdi.
Mart ayında Qazaxıstan parlamenti həmin müqaviləni ratifikasiya etmiş, ölkə prezidenti isə imzalamışdı.
Diplomatik mənbə bildirir ki, Moskva üçün onunla müttəfiq olan Astananın Vaşinqtonla razılaşmaları sürpriz olub. O iddia edir ki. sürpriz xoşagəlməzdir.
“Rusiyalı mütəxəssislərin qiymətləndirmələrinə görə, Xəzər limanlarından istifadə edən bu marşrutun iqtisadi və logistik məqsədəuyğunluğu yoxdur. Bizə belə gəlir ki, bu razılaşma amerikalılara Xəzərdə mövcudluq, burada onların infrastrukturunun yaranması üçün lazımdır”, - diplomat bildirib.
Mənbə:> Virtualaz.org