ABŞ səfirliyi Duqinin dağıdıcı fəaliyyəti haqda
Leonid Savin
ABŞ-ın Ermənistandakı səfirliyi öz Twitter-ində Rusiyanın Makedoniyada ekspansionizm siyasəti haqda analitik məqalə paylaşıb.
Virtualaz.org-un məlumatına görə, məqalədə deyilir ki, Makedoniyaya səfər edən və bu ölkənin şəhərlərində təhsil müəssisələri açıb mühazirə oxuyan Rusiya ideoloqları və strateqlərinin sayı artıb. O da vurğulanır ki, bunlar vaxtilə Krımda və Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdə, həmçinin Çernoqoriyada dövlət çevrilişi cəhdində istifadə olunmuş ideoloqlardır.
Nəşr qeyd edir ki, Rusiyanın Makedoniyadakı informasiya müharibəsində Kremlin əsas strateği Leonid Savindir. Onun tərcümeyi-halında göstərilir ki, L.Savin Gənclərin Avrasiya İttifaqının komissarıdır.
Bu təşkilat Aleksandr Duqin və onun ideoloji tərəfdarları tərəfindən yaradılmış Rusiya Avrasiya İttifaqının filialıdır.
Mayın sonunda Leonid Savin radikal sol partiya "Vahid Makedoniya"nın 50 üzvü üçün təlimi keçib. Partiya Makedoniyanın adının dəyişdirilməsinə qarşı çıxır və hesab edir ki, onun NATO-ya və Avropa Birliyinə üzvlüyü ölkənin müstəqilliyinin sonuna gətirib çıxaracaq.
Leonid Savin Aleksandr Duqinin protejesi hesab edilir və onun Katexon, Geosiyasət və Strateji Mədəniyyət Fondu layihələrində redaktordur. Bu layihələr Kremlə yaxın oliqarx Konstantin Malofeyev tərəfindən maliyyələşdirilir.
Mənbə:> Virtualaz.org