"Lefortovo" həbsxanasından ikicə nəfər salamat çıxıb" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Tarix

"Lefortovo" həbsxanasından ikicə nəfər salamat çıxıb"

"Lefortovo" həbsxanasından ikicə nəfər salamat çıxıb"


Xəbər verdiyimiz kimi, bugünlərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) xüsusi təyinatlı məxfi "Alfa” dəstəsinin veteranı Nikolay Kalitkin "Moskovskiy komsomolets” qəzetinə öz döyüş yolu barədə xatirələrini danışarkən, o dövrdə Azərbaycanda keçirdikləri 2 əməliyyatdan bəhs edib.
Nikolay Kalitkin bildirib ki, əməliyyatlardan biri 1990-cı ilin qışında Bakıda – yataqxanada keçirilib və "ekstremistlərin lideri” olan bir gənci həbs ediblər.

İkinci əməliyyat isə ondan qabaq - 1989-cu ilin dekabrında Naxçıvanda, AXC tərəfdarları SSRİ-İran sərhəddini sökən zaman keçirilib.

"Alfa” döyüşçüsü həmin vaxt kütlənin liderlərindən birini necə zərərsizləşdirmələrindən danışır və və bunu döyüş təcrübəsində "ən yadda qalan hadisələrdən biri” kimi xatırlayır: "Naxçıvanda, İranla Azərbaycanın sərhədində yerləşən bölgədə olmuş bu əhvalat heç vaxt yadımdan çıxmaz. Ucqar rayonda əhali bunt qaldırmışdı. Yeri gəlmişkən, həmin əhali çox kasıb yaşayırdı, korrupsiyalaşmış yerli elita haqda isə bunları demək olmazdı. Bunt açıq ifadə olunmuş dini və millətçi xarakter daşıyırdı. Böyük insan kütləsi sərhədə doğru yürüş edərək yolunun üstündəki hər şeyi dağıdırdı. Onlar 10 kilometr boyu sərhəd sistemini dağıtdılar, zastavaları blokadaya aldılar, bir neçə sərhəd qülləsini yandırdılar, sərhəd dəstəsinin binasına daş və butulkalar atdılar... Qərara alındı ki, üsyanın liderini neytrallaşdıraq. Onu sərhəd zastavalarının birində danışıqlar apararkən yaxaladıq. O, belində iki revolverlə, başında şəhid kəməri ilə gəlmişdi. Öz görkəmi ilə hamıya göstərirdi ki, itirməyə heç nəyi yoxdur, hər şeyə hazırdır.

2 minə yaxın adamdan ibarət kütlə zastavanın qarşısında toplaşmışdı, ardı-arası kəsilmədən nəsə şüar qışqırırdılar. Danışıqlar zastavanın rəisinin kabinetində gedirdi. Şərti siqnalla mən və "Alfa” dəstəsindən olan döyüş yoldaşım hamamda gizləndiyimiz yerdən sıçrayıb çıxdıq, kabinetə hücum etdik və üsyançıların liderini asanlıqla zərərsizləşdirdik. Tərksilah edib əl-qolunu burduq. Sprinter sürəti ilə zastavanın arxa tərəfindəki həyətə apardıq, həmin vaxt ora vertolyot endi. Vertolyotun şassiləri yerə dəyməyə imkan tapmamış qapısı açıldı. Biz qaçaraq başçını vertolyotun qapısından içəri tulladıq, vertolyot yenidən havaya qalxdı. Başçının yaxalanması əməliyyatının hamısı cəmi 2 dəqiqə çəkdi. Və dəstə tədricən dağıldı, iğtişaşlar dayandı…”.

Daha sonra Nikolay Kalitkin bu əhvalatın maraqlı bir davamının da xatırladır: "İki ay sonra mən növbəti ezamiyyətdən sonra Bakıdan Moskvaya uçurdum. Artıq aerodromda mənə dedilər ki, təyyarədə "Lefortovo” həbsxanasına etap olunan bir məhbusa da göz-qulaq olmaq lazımdır. Biz hərbi nəqliyyat təyyarəsi ilə uçurduq, təyyarədə özümə ucqar bir yer seçib həmin məhbusu da yanımda oturtdum. Üstünü xalçaya oxşayan hansısa örtüklə örtdüm ki, başqa sərnişinlərin diqqətini cəlb etməsin. Ancaq məhbusun xahişi ilə əlindəki qandalı açdım, o, bütün uçuş boyu rəsm çəkirdi, öz dəftərçəsində şer yazırdı. Məhbusun uzun saqqalı var idi, bu səbəbdən mən onu görəndə tanımamışdım. O isə birdən dedi: "Məni Naxçıvanda həbs edən sən deyildin?”. Mən diqqətlə baxdım, dəqiq odur! O isə bu məqama sakit yanaşdı, onunla problemim olmadı”.

Qeyd edək ki, Kalitkinin bu xatirələrində həbs edilən və eləcə də təyyarə ilə "Lefeortovo”ya aparılan şəxslərin kim olmaları ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə ziddiyyətli fikirlər yayılır. Bəziləri həbs edilən və sonra da "Lefortovo”ya aparılan şəxsin hazırda məhbəs həyatı yaşayan Nemət Pənahlı, bəziləri isə sabiq Müdafiə naziri Rəhim Qazıyev olduqlarını bildirirlər.

Ancaq Strateq.az "Alfa” dəstəsinin Naxçıvanda və Bakıda həbs etdikləri şəxlərin kimliklərini dəqiqləşdirib. O dövr proseslərindən kifayət qədər məlumatı olan şəxslərdən biri Strateq.az-a deyib ki, Nikolay Kalitkinin barəsində bəhs etdiyi "üsyançıların lideri” Nemət Pənahlı deyil, məhz Fərəməz Allahverdiyev (Novruzoğlu) olub.

Qeyd edək ki, hazırda mətbuatdan və siyasi proseslərdən tamamilə uza durmağa çalışan Fərəməz Novruzoğlu Strateq.az-a məlumatı təsdiqləyib.

"Alfa” döyüşçüsünün bəzi məsələləri təhrif etdiyini bildirən məşhur hərəkatçı və tanınmış jurnalist Fərəməz Novruzoğlu çox maraqlı məlumatlar səsləndirib: "Yatqaxanada həbs edilən lənkəranlı Yusif idi. Neməti tamam başqa yerdə həbs etmişdilər və bunun detallarını Səfər Alışarlıdan soruşsanız, yaxşıdır... Naxçıvanda həbs edilən və Kalitkinin "Lefertovo”ya apardığı şəxs isə, bəli, mən olmuşam. Ümumiyyətlə, "Lefertovo”dan salamat çıxan da ikicə nəfər var: biri mən, biri də Etibar Məmmədov”.

Kalitkinin açıqlamasında onunla bağlı nələri təhrif etdiyinə gəlincə, Fərəməz Novruzoğlu bildirib ki, "Alfa" döyüşçüsü bəzi məsələləri özünə sərf edən formada təqdim edib: "Kalitkin "qandal" və "revolver” məsələsində ağ yalan danışır. Mənim bir "revolverim” vardı, təyyarədəsə israrlarıma baxmayaraq, qandalı açmadı. Qollarımdan qandal yalnız "Lefortovo" həbsxanasında açılıb”.

Qeyd edək ki, Fərəməz Novruzoğlu 26 il əvvəl baş vermiş bəzi hadisələrin indiyədək açılmayan tərəfləri barədə də çox maraqlı fikirlər səsələndirib və yaxın günlərdə onun Strateq.az-a geniş müsahibəsini təqdim edəcəyik.

Mənbə: Strateq.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *