AŞPA Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək.
“Turan”ın məlumatına görə, bu barədə qərar AŞPA-nın Büro iclasında qəbul edilib.
AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, məruzəçi iyunun 25-dən 29-dək Fransanın Strasburq şəhərində keçiriləcək sessiyada təyin ediləcək.
Qeyd edək ki, Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı irəli sürmüşdü.
Onu da qeyd edək ki, bu, AŞPA deputatlarının analoji təkliflə çıxış etdikləri ilk hal deyil. Belə ki, hələ 2013-cü ildə AŞPA-nın almaniyalı deputatı Kristofer Ştrasser Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat hazırlamışdı. Amma o rədd edildi.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus olduğu iddia edilən şəxslər törətdikləri konkret əməllərə görə məsuliyyətə cəlb olunublar.
Maraqlıdır ki, son vaxtlar AŞPA-da güclü anti-Azərbaycan əhval-ruhiyyəsi müşahidə olunur. Təkcə onu xatırlatmaq kifayətdir ki, təxminən bir ay əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı barəsində sanksiyalar qəbul edilmişdi...
Mənbə:> Turan