Rəsmi Bakı Paşinyanın Qarabağ bəyanatına cavab verdi
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilkin bəyanatları cavabdan çox suallar doğurur və anlaşılmır.
Bunu virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Bu nədir? Sadəlövhlük, predmeti bilməzlik, qalibin qürrələnməsi və ya bütün bunların hamısı birlikdə?! Yaşayarıq, görərik. Hər halda, prosesin başlanğıcında Azərbaycan deyirdi ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regionda formalaşan vəziyyəti ayıq qiymətləndirə və münaqişənin nizamlanması üzrə Ermənistan və erməni xalqı üçün həyati əhəmiyyətli qərar qəbul edə biləcək güclərin gəlişinə ümid edir".
Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir.
Mənbə:> Virtualaz.org