Netanyahu ilə Putin təcili görüş barədə razılığa gəldilər
Bu axşam İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə İsrail baş nazirinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Bildirilib ki, liderlər İranın hərbi nüvə proqramını davam etdirməsi və İsrailin İranın nüvə arxivini ələ keçirməsi ilə bağlı müzakirə aparıblar.
"Liderlər, həmçinin Suriyadakı vəziyyəti müzakirə edib və mümkün qədər tez görüşmək barədə razılığa gəliblər", - deyə məlumatda vurğulanıb.
Kremlin mətbuat xidməti isə bildirib ki, söhbət zamanı tərəflər İsrail baş nazirinin aprelin 30-da səsləndirdiyi bəyanatı nəzərə alınmaqla, Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyəti müzakirə ediblər: “Vladimir Putin Rusiyanın mövqeyini təsdiqləyib - beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün çox vacib olan Plana bütün tərəflər riayət etməlidirlər".
Yeri gəlmişkən, bundan əvvəl Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə də danışıb.
Mənbə:> Virtualaz.org