Britaniya ordusu hücuma hazırlaşır! – “Əgər amerikanlar zərbə endirərlərsə…”
“Tereza Mey Britaniyanı Əsəd rejiminə zərbə vurmağa hazırlayır”
Baş-nazir Suriyaya zərbə vurmaq üçün kabinetin razılığını əldə etməyə çalışır. Gərginlik artır, ABŞ və Rusiya bir-birlərini təhdid edirlər.
Tereza Mey ABŞ-ın rəhbərliyi altında Suriyaya qarşı hərbi hücum üçün Britaniyanın yolunu təmizləyib. Bu, milli təhlükəsizlik məsələləri üzrə müşavirlərin bir neçə gün bundan öncə Əsədin Dumaya etdiyi kimyəvi qaz hücumu barədə yeni sübutlar təqdim etməsindən sonra baş verdi.
Baş nazir kabinetin müvafiq razılığını ala biləcək. Yəqin ki, kabinet üzvləri leyboristlərin lideri Ceremi Korbin kimi siyasətçilərin çağırışlarına məhəl qoymayacaqlar. Korbin bu məsələ ilə əlaqədar parlament deputatlarının səs verməsinin vacib olduğunu söyləyir.
“The Times”ın keçirdiyi rəy sorğusuna görə, seçicilərin yalnız beşdə biri Suriyanın hərbi obyektlərinə qarşı Britaniyanın raket zərbələri endirməsinə razıdır. Seçicilərin beşdə ikisi bunun əleyinədir, yerdə qalanlarının isə bu barədə dəqiq fikirləri yoxdur.
Çox böyük ehtimalla, Mey bundan sonra baş verə biləcək qaz hücumlarının qarşısının alınmasını əsas gətirərək, hərbi fəaliyyətlərin həyata keçirilməsinə israr edəcək. Tereza Mey kimyəvi silahdan istifadənin cəzasız qalmayacağını bəyan edərək, 2011-ci il Liviya kampaniyasından sonra ölkəni ilk hərbi aksiyaya hazırlamağa başlayıb.
Qanadlı raketlərlə silahlanmış Böyük Britaniya Hərbi Dəniz Gücləri Suriyaya zərbə endirmək üçün yola düşüblər. “Tipe 45” sinfindən olan eskadra minadaşıyanı Aralıq dənizindədir və döyüş fəaliyyətlərində iştirak əmri ala bilər. ”Dunkan” esminesi Hava Hücumundan Müdafiə sistemləri ilə təchiz edilib və hücum edən rus raketlərini vurmaq qabliyyətinə malikdir. Döyüş fəaliyyətlərinə həmçinin Kiprdə bazalaşmış Böyük Britaniya Hərbi Hava Qüvvələri də hazırdır.
Bundan öncə Mey dəfələrlə qeyd edib ki, hücum etmək üçün əlavə sübutlar gərəkdir. Mey bildirir ki, indi hər şey Dumada baş verən şokyaradıcı və barbar hücumun arxasında Suriya rejiminin durduğunu göstərir. Dumadakı qaz hücumunun bütün günahının Əsədin üzərində olduğunu təsdiq etmək qərarına gələn baş nazir, açıq şəkildə Tramp və Makronla bir sırada dayanır. Belə güman etmək olar ki, milli təhlükəsizlik müşavirləri ilə görüş zamanı əlavə sübutlar ortaya qoyulub.
Tramp Suriyaya zərbə vurması barədə Rusiyaya xəbərdarlıq edib. Moskva isə Qərb raketlərini və onların buraxılış qurğularını məhv edəcəyi ilə hədələyib. Tramp “twitter”də yazıb: ”Rusiya Suriyaya buraxılan istənilən raketi vuracağını vəd edir. Hazırlaş Rusiya, çünki onlar uçacaqlar – onlar yeni və ağıllıdırlar! Öz vətəndaşlarını qazla öldürən və bundan həzz alan heyvanla əməkdaşlıq etmək lazım deyil!”
Rusiyanın Livandakı səfiri xəbərdarlıqla deyib: “Əgər amerikanlar zərbə endirərlərsə, onda onların raketləri və həmçinin də bu raketlərin buraxıldığı mənbə vurulacaq”. Aleksandr Zasıpkin deyib ki, o, prezident Putinin və Rusiya baş qərargahının əvvəlki bəyanatlarını təkrar edir. Pentaqonun mətbuat katibi Trampın hərbi təhdid planları ilə bağlı şərh vermək istəməyib. Lakin o deyib ki, kimyəvi hücuma qarşı dünya ictimaiyyəti təxirəsalınmadan cavab verməlidir. Ağ Evdən bildiriblər ki, raket zərbəsi mümkün variantlardan yalnız biridir.
Hesab olunur ki, Amerika prezidenti Suriyadakı hərbi bazalara xeyli sayda zərbələr vurmağa çağırır, belə ki, Suriya aerodromuna vurulan keçən ilki birdəfəlik zərbə yeni kimyəvi hücumun qarşısını ala bilməyib. Xeyli sayda zərbələr üçün qüvvələr cəlb olunmalıdır ki, buna görə də, vaxt tələb olunur.
Gövdəsində 50-dən artıq “Tomagavk” raketi daşıyan Amerikanın “Donald Kuk” esminesi Aralıq dənizində Suriyaya zərbə vurula biləcək məsafəyə qədər yaxınlaşıb. Dünən Vircinya ştatının Norfolk şəhərindən “Harri Trumen” aviadaşıyanın rəhbərliyi altında altı gəmidən ibarət olan zərbə qrupu Aralıq dənizinə tərəf yol alıb. Amerikanın bombardmançı və hücum təyyarələri Qətərin Əl-Udeyd bazasında yerləşdiriliblər.
Fransanın SKALP qanadlı raketləri ilə təchiz edilmiş onlarla “Rafal” təyyarələri Abu-Dabidə və İordaniyadadır. Fransa Hərbi Hava Qüvvələri və quru qoşunları 50 qanadlı raket buraxa bilərlər. Makron deyib ki, Britaniya, Fransa və ABŞ cavab tədbirlərinin görülməsinə qərar verməkdən ötrü məlumat mübadiləsi həyata keçirirlər.
Böyük Britaniya parlamentinin deputatlarının pasxa tətilindən geri çağırılacaqlarının heç bir əlaməti yoxdur. Korbin “BBC”-yə söyləyib ki, hərbi fəaliyyətlərlə bağlı qərarların verilməsi məsələsində onların həmişə səs vermək hüquqları olmalıdır. O, əlavə olaraq deyib: ”Bizə Suriya səmasında ABŞ və Rusiya arasında müharibəyə gətirib çıxara biləcək bombardman lazım deyil”.
“YuGov” şirkəti tərəfindən keçirilən ictimai rəy sorğusu göstərir ki, seçicilərin 43 faizi Britaniya və onun müttəfiqlərinin Suriyaya zərbə vurmalarının əleyhinədir, 34 faiz bu məsələdə bitərəfdir, 22 faiz isə hərbi əməliyyatları dəstəklədiklərini bildiriblər.
Hal-hazırda hərbi müdaxilənin tərəfdarları 2013-cü ilin avqustu ilə müqayisədə azdır, onda rəyi soruşulanların 25 faizi Suriyaya raket zərbələri vurulmasını dəstəkləyirdi. Onda icmalar palatası müharibə aksiyasının əleyhinə səs vermişdi və bu təxirə salınmışdı.
Ümimiyyətlə, keçirilən son rəy sorğusuna görə, rəyi soruşulanların 61 faizi düşünür ki, Əsəd rejimi və onun müttəfiqləri kimyəvi qazadan istifadə ediblər.
Mənbə:> Anaxeber.az