Tramp ilk dəfə şəxsən Putini hədələdi: "Buna görə cavab verməli olacaq" – YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp Suriyanın Duma və Şərqi Quta şəhərlərində “iyrənc” kimyəvi hücumu bir daha qınayb. Qərb mənbələrinə görə, bu hücum nəticəsində onlarla insan həlak olub.
Virtualaz.org “Associated Press”ə istinadən xəbər verir ki, bununla bağlı Tramp deyib: “Əgər bunun arxasında Rusiya, Suriya, yaxud İran, və ya üçü birdən durursa, biz bunu yaxın zamanlarda aydınlaşdıracağıq”.
Rusiyanın kimyəvi hücumda rolu barədə suala cavab olaraq Ağ Ev rəhbəri bildirib ki, Suriya rejimini dəstəkləyən onun rusiyalı həmkarı Vladimir Putin “buna görə məsuliyyət daşıya bilər”.
“Onun (Putinin) əli ola bilər. Əgır bu belədirsə, ABŞ-ın cavabı sərt olacaq. Hamı məsuliyyət daşımalıdır. O (Putin) da, başqaları da”, - Amerika lideri deyib.
* * *20:46
“Suriya ilə bağlı irimiqyaslı qərar 48 saat ərzində qəbul ediləcək”, - virtualaz.org “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu kabinetin iclasının gedişində ABŞ prezidenti Donald Tramp bildirib.
Mümkün hərbi aksiya barədə suala cavab verən dövlət başçısı qeyd edib ki, heç bir şey istisna olunmur.
Daha öncə ABŞ müdafiə naziri Ceyms Mettis bildirmişdi ki, Donald Trampın şənbə günü törədilən “ağılsız kimyəvi hücum”la bağlı “buna görə yüksək qiymətin ödəniləcəyi” barədə hədəsindən sonra ABŞ Suriyaya qarşı hərbi aksiyanı istisna etmir.
Mettis jurnalistlərə deyib ki, ABŞ “NATO-dan tutmuş Qətərə və digər ölkələrə qədər müttəfiqləri və tərəfdaşları ilə işləyir” və “bu məsələ ilə məşğul olmaq” niyyətindədir.
“İlk növbədə biz aydınlaşdırmalıyıq ki, Rusiya bütün kimyəvi silahların dövriyyədən çıxarılmasının qarantı kimi çıxış etdiyi halda, indiyə kimi kimyəvi silahdan nəyə görə istifadə edilir”, - Qətər şeyxi Tamim bin Həməd əl-Tani ilə Pentaqonda görüşdən sonra Mettis bildirib.
Mənbə:> Virtualaz.org