İsrailin raket zərbələri Təbriz sakinlərinin HƏYATINA SON QOYDU
Suriyanın Xüms şəhərində hökumət güclərinə aid aviabazaya İsrailin raket zərbələri nəticəsində 3 iranlı ölüb.
Publika.az xəbər verir ki, bu haqda “Fars” agentliyi bildirib. Agentliyin məlumatına görə, ölənlərdən ikisi Təbriz, biri isə Ahvaz şəhərinin sakinləridir.
Qeyd edək ki, bu gün T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi olan SANA raket hücumunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb.
“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbə endirib", - idarədən bildiriblər.
Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, raket zərbələrinin endirildiyi baza Şərqi Qutada kimyəvi hücumu həyata keçirən təyyarələr tərəfindən istifadə edilirdi. Bazada İran güclərinin olduğu bildirilir.
Mənbə:> Publika.az