Rusiya BMT TŞ-da iclas çağırdı
Rusiya BMT Təhlükəsizlik Şurasında keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının Solsberidə zəhərlənməsi ilə bağlı iclasın keçirilməsi üçün vəsatət qaldırıb.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyanat verib.
“Kim tərəfindən və harada istifadə olunmasından asılı olmayaraq kimyəvi silahların tətbiqinin yolverilməz olduğu və belə halların cəzalandırılmasının vacibliyi, onun kütləvi qırğın silahlarının yayılmaması haqqında sazişlərə təhdid yaratdığı prinsiplərini rəhbər tutaraq, hökumətimizin tapşırığı ilə, aprelin 5-i saat 15.00-da (Bakı vaxtı ilə 23:00-da) Britaniya baş naziri Tereza Meyin Solsberidəki insidentlə bağlı məktubu əsasında Təhlükəsizlik Şurasında açıq iclasın keçirilməsini xahiş edirəm”, - deyə bəyanatda bildirilir.
Bu arada məlum olub ki, İngiltərə Xarici İşlər Nazirliyi keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə edildiyi iddia olunan sinir qazının birbaşa Rusiyadan gəldiyinə dair paylaşılan məlumatı silib.
“Sputnik” xəbər verir ki, İngiltərənin hərbi laboratoriyası "Porto Daun"un sədri Qari Aitkenheyd Skripal və qızının zəhərlənməsində istifadə edilən kimyəvi maddənin Rusiyadan gəlməsinin sübuta yetirilmədiyini bəyan edib. Bu açıqlamadan dərhal sonra XİN Tvitter hesabında paylaşılan tviti silib.
Ekspertlər deyirlər ki, zəhərin Rusiyada istehsal edildiyi ilə bağlı hər hansı faktın olmaması İngiltərənin Rusiyaya yönəlik ittihamlarını əsassız edır.
Mənbə:> RİA Novosti