Senator Kosaçev Rusiyanın Azərbaycana silah satışını azaldacağını açıqladı
Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev bu gün İrəvana səfəri zamanı Azərbaycana silah satışına dair suallarla qarşılaşıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Kosaçev Rusiyanın Azərbaycana silah satışına dair son məlumatların “2016-cı ilin aprelinə qədər bağlanmış müqavilələrlə” bağlı olduğunu deyib. Habelə bildirib ki, onun informasiyasına görə Rusiya Azərbaycana daha əvvəlki miqyasda silah satmayacaq. Və bu 2016-cı ilin aprelində gedən döyüşlərlə bağlıdır.
“Rusiya 2016-cı ilin aprelinə qədər imzalanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirir. Və biz bunu etməliyik, çünki müqavilənin şərtləri var. Lakin bu situasiya həmin kəskinləşmə ərəfəsinə qədər idi və məndə olan informasiyaya görə daha indiki miqyaslarda həyata keçirilməyəcək. Şübhəsiz ki, biz 2016-cı ilin aprelində baş verən situasiyaya reaksiya veririk. Buna heç bir şübhə yoxdur”-Konstantin Kosaçev bildirib.
Xəbər verildiyi kimi iki gün əvvəl Stokholmda mənzillənmiş beynəlxalq sülh problemləri İnstitutu (SIRRI) 2016-2017-ci illər üçün silah ixracına dair hesabatını açıqlayıb. Hesabata əsasən Ermənistan Rusiyadan 124 milyon dollarlıq silah alıb. Bura 6 vahid “Smerç” reaktiv yaylım atəşi sistemi, 200 “Verba” daşınan zenit raket kompleksi və “Kornet” tank əleyhinə raket kompleksləri daxildir.
Azərbaycan isə hesabat dövründə az qala 5 dəfə çox-551 milyon dollarlıq silah alıb. Bunlar İnstitut tərəfindən hələ açıq mənbələrdən götürülmüş məlumatlar əsasında açıqlanan rəqəmdir.
SIRRI bildirir ki, ölkə 2017-ci ildə İsraildən 4 vahid OPV-62 döyüş gəmiləri, 40 vahid “Orbiter” pilotsuz zərbə aparatı (o cümlədən Azərbaycan ərazisində birgə istehsal olunan) 215 vahid “Spike-NLOS” tank əleyhinə raketləri alıb. Habelə Azərbaycan Çexiyadan 10 vahid 122 millimetrlik RM-70 reaktiv yaylım atəşi sistemi, Slovakiyadan 18 vahid 152 millimetrlik “Dana” özüyeriyən qaubitsası alıb. Azərbaycan göstərilən müddət ərzində habelə Rusiyadan iri partiyada silah idxalı həyata keçirib. Belə ki, Rusiya hesabat dövründə Azərbaycana 36 vahid “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri, 40 vahid BTR-82A, 800 vahid (!) “Xrizantema” tank əleyhinə raketi satıb.
Hesabatdan göründüyü kimi Azərbaycan son iki il ərzində Rusiyadan böyük sayda hərbi texnika və silahlar əldə edib, bu da Ermənistanda Rusiyanın Azərbaycana silah satışına dair isterikanı yenidən qızışdırıb.
Mənbə:> Virtualaz.org