“Müharibə göstərdi ki, bizim tanklar işə yaramır...” –Bakıya gətirilən raketlər haqda
Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə Bakıya növbəti silah-hərbi sursat partiyasının gətirilməsinə dair görüntüləri yayıb. Görüntülərə əsasən gəmilərdən çoxsaylı raket konteynerləri boşaldılır. Nazirlik gətirilən silahların adlarını açıqlamasa da hərbi ekspertlər bunların “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərinə və “Smerç” reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən ediblər. Bundan əvvəl Rusiyadan Azərbaycana “Xrizantema-S” tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi.
Azərbaycana Rusiyadan güclü silah sistemləri və döyüş sursatı daşınması barədə xəbərlər erməni tərəfində həyacan və təşvişlə izlənir. Ermənistanda ekspertlər səviyyəsində belə qənaət hökm sürür ki, bu silahlanma Qarabağda irimiqyaslı hərbi əməliyyatlara hazırlıqdır.
“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə təmas xəttindəki vəziyyətə bələd olan ekspert, “Hetk” nəşrinin baş redaktoru Edik Bağdasaryan Rusiyadan Azərbaycana gətirilən raketlər və sursat barədə özünün Facebook səhifəsində bunları yazıb: “2016-cı ilin aprelində Azərbaycan silahlı qüvvələri tərəfindən istifadə olunan hərbi texnikadan ən təhlükəlisi Rusiya istehsalı olan “Solntsepyok” və İsrail istehsalı olan kamikadze-dronlar idi. Düşmən məhz bu silahlarla bizim silahlı qüvvələrimizə əsas zərbələri endirdi. İndi Rusiya həmin silahların iri partiyasını yenidən Azərbaycana verib, İsrail də həmin şeyi edib”.
Digər erməni analitik Armen Griqoryan isə qeyd edir ki, 2011-ci ildə Kazan danışıqları fiaskoya uğrayandan sonra Azərbaycan münaqişənin dinc yolla nizamlanmasından ümidini üzüb və irimiqyaslı silahlanmaya başlayıb. “Aprel döyüşlərindən sonra təmas xətti boyu videomüşahidə kameralarının yerləşdirilməsi aprel ssenarisinin yenidən təkrarlanmasını çətinləşdirib. Çünki qəfil hücum effekti artıq yoxdur. Buna görə də indi Azərbaycanın taktikanı necə dəyişdiyinə baxmaq lazımdır. Həmin “Solntsepyok”lar aprel döyüşlərində o qədər də effektiv olmadı. Müharibə göstərdi ki, bizim tanklar da işə yaramadı”-Griqoryan bildirir.
Rusiyalı hərbi ekspert İvan Konovalov isə qeyd edir ki, “Solntsepyok” ağır odsaçan sistemləri qismən yaxın məsafəli döyüşlərdə effektivdir, bu silahlar daha çox açıq ərazilərdə güclü effektə malik olur. “Erməni qüvvələri əsasən yüksəkliklərdə mövqe tutub. Bu silahdan müdafiənin birinci xəttini yarmaq üçün istifadə etmək olar, sonrakı mərhələdə isə onun tətbiqi o qədər də effektiv olmayacaq”-Konovalov deyir.
Qeyd edək ki, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri 6 kilometr məsafədəki hədəflərə-mhkəmləndirilmiş müdafiə mövqelərinə, canlı qüvvənin və texnikanın cəmləşmə rayonlarına, digər hərbi infrastruktura termobarik başlıqlı raketlərlə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. Azərbaycan ötən ilin aprelinə qədər Rusiyadan azı 18 belə sistem almışdı. Bu yaxınlarda açıqlandı ki, Rusiya Azərbaycana daha 6 “Solntsepyok” satıb. Ötən ilin aprelində Azərbaycan bu silahdan istifadə etsə də bu, məhdud xarakter daşımışdı və Xocavənd istiqamətində düşmənin hərbi qərargahına endirilən bir neçə odsaçan zərbəsi ciddi tələfata səbəb olmuşdu.
İndi belə görünür ki, Azərbaycan ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı düşmənin müdafəsinin birinci xəttini darmadağın etmək üçün kütləvi raket-artilleriya zərbələrindən istifadəni nəzərdən keçirir. Bu zaman “Solntsepyok” TOS-1A ağır odsaçanları Azərbaycanın malik olduğu digər silah sistemləri ilə uzlaşdırılmış şəkildə tətbiq olunarsa dağıdıcı təsir göstərəcək. Ona görə də ermənilərin narahatlıqları əbəs deyil.
Mənbə:> Virtualaz.org