Rusiya Ermənistana “Verba” raketləri verib, ABŞ isə... – FOTO
Rusiya Ermənistana özünün ən yeni daşınan zenit-raket komplekslərini verib.
Virtualaz.org xəbər verir ki, bu haqda istefada olan bədnam erməni generalı Arkadi Ter-Tadevosyan danışıb. O, deyib ki, Ermənistan Rusiyadan “Verba” daşınan zenit-raket kompleksləri əldə edib. Bu raketlər cəmi iki ölkənin-Rusiyanın və Ermənistanın silahlanmasında mövcuddur.
Rusiya hərbi qaynaqlarında göstərilir ki, “Verba” daşınan zenit-raket kompleksləri 2014-cü ildə silahlanmaya qəbul edilib, hələlik ixraca yönəldilməyib. İstehsalçı iddia edir ki, bu raketlər özünün əvvəlki analoqlarından-“İqla” daşınan zenit-raket komplekslərinin bütün modifikasiyalarından, habelə ABŞ-ın “Stinger” daşınan zenit raketlərindən taktiki-texniki göstəricilərinə görə üstündür. “Verba” daşınan zenit-raket kompleksləri 6 min metrə qədər hündürlükdə uçan təyyarələrə və vertolyotlara, o cümlədən pilotsuz uçan aparatlara qarşı tətbiq edilmək üçün əlverişlidir.
Kompleks hava hədəfinin parametrlərini avtomatik müəyyən edir və eyni vaxtda bir neçə hədəfi aşkarlayarsa onları zenit bölmələri arasında bölüşdürür. 80 kilometrə qədər məsafədə hədəfləri aşkar edə bilir. Habelə ümumi hava hücumundan müdafiə sistemlərinə inteqrasiya olunub və avtomatik rejimdə həmin sistemdən aşkar olunan hədəflər barədə informasiya ala bilir.
Ter-Tadevosyan habelə ötən ilin aprel döyüşlərindən sonra ABŞ-ın Ermənistana verdiyi hərbi müşahidə-kəşfiyyat sistemi barədə danışıb. O deyib ki, indi ermənilərin “sərhədlərini” gələcəyin silahı olan və çox az ölkənin malik olduğu Amerika müşahidə-kəşfiyyat sistemləri qoruyur. “Bu sistem eyni zamanda 10 funksiyanı yerinə yetirir, düşmənin yerini müəyyən edir, hətta onun hansı silaha malik olduğunu müəyyənləşdirir, informasiyaları komanda mərkəzinə ötürür”-o deyib.
“Bu sistemi amerikalılar bizə verdilər, biz isə onu Qarabağa göndərdik”-istefada olan erməni generalı əlavə edib.
Xatırladaq ki, ABŞ-ın ermənilərə C4ISR hərbi müşahidə-kəşfiyyat sistemi verdiyi haqda ötən il ilk dəfə ABŞ-ın “The National İnterest” dərgisinə istinadən virtualaz.org yazıb. Sonradan məlum olmuşdu ki, həmin sistemin alınmasını erməni oliqarxlardan biri və AB-dakı erməni diasporu maliyyələşdirib.
C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası Northrop Grumman tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb. (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.
Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bitərəf vasitəçi olduğunu iddia edərək bu kəşfiyyat sistemlərini ermənilərə niyə verdiyini indiyə qədər izah etməyib.
Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bitərəf vasitəçi olduğunu iddia edərək bu kəşfiyyat sistemlərini ermənilərə niyə verdiyini indiyə qədər izah etməyib. Analitiklərə görə ABŞ-ın bu sistemləri ermənilərə ötürməsi ötən ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun Qarabağda Ermənistan ordusunun müdafiə xəttini darmadağın etməsindən yaranan narahatçılıqla əlaqəli idi. Həmsədr ölkələrdən ikisi hərbi balansın açıq-aşkar Azərbaycanın xeyrinə olduğunu görərək tələsik Ermənistana müəyyən silah sistemləri ötürdülər ki, münaqişənin yenidən qəfil alovlanması ehtimalı azalsın.
Mənbə:> Virtualaz.org