Rəsmi Bakı Suriya erməniləri ilə bağlı narahatlıq ifadə etdi
BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qurumun Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.
Virtualaz.org-un məlumatına görə, Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcə də təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistanın işğalından azad edilmiş və 2016-cı ilin aprelindən etibarən təhlükəsizliyi təmin edilmiş Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri və məcburi köçkünlərin ora geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial təyinatlı işlərin bundan sonra da davam etdiriləcəyini xüsusilə qeyd edib.
Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verib. O əlavə edib ki, hər iki ölkədə seçkilərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcək. Nazir işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi faktına toxunaraq, bu məsələyə beynəlxalq qurumların və dünya ictimaiyyətinin ciddi diqqət yetirməsinin vacibliyini bildirib.
F.Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib və ölkəmizin sözügedən təşkilata könüllü ianələrini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Mənbə:> Virtualaz.org