“Qarabağ probleminin tezliklə həlli Türkiyənin milli məsələsidir” – Cəmil Çiçəkdən EKSKLÜZİV AÇIQLAMA
“Dağlıq Qarabağ probleminin tezliklə həlli Türkiyənin milli məsələsidir. Bu məsələ təkcə hakim partiya üçün deyil, Türkiyə parlamentində təmsil olunan bütün siyasi partiyalar üçün aktuallıq kəsb edir”.
Bu fikirləri “Ölkə.Az”-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, Baş nazirin keçmiş müavini Cəmil Çiçək yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.
C.Çiçək əminliklə bildirib ki, Türkiyə xalqının mütləq əksəriyyəti tezliklə Dağlıq Qarabağı azad olunaraq, Azərbaycanın tərkibində görməyi arzu edir:
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi ilk gündən dünyaya məlumdur. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Doğru olanı da budur. Biz təkcə qardaşlığımıza görə Azərbaycanın yanında deyilik. Eyni zamanda Azərbaycan haqlı olduğu üçün onun yanındayıq. Dəyişməz qalan mövqeyimiz odur ki, Azərbaycanın tarixi torpaqları olan Qarabağ Ermənistan tərəfindən işğal edilib. Bu haqsız işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qardaş və bacılarımızın hüquqları pozulub, öz yurd-yuvalarından didərgin düşüblər”.
Eks-spiker qeyd edib ki, Dağlıq Qarabağda haqq sahibi olan yeganə dövlət Azərbaycandır:
“Ermənistan Dağlıq Qarabağı işğal etmək yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ətrafı rayonlarını da işğal edib. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması üçün ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyması lazımdır. Əgər Ermənistan işğala son verərsə, o zaman bölgədə əmin-amanlıq bərqərar olacaq. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyonlarla insan Bakıda və digər şəhərlərdə qaçqın və məcburi köçkün halında yaşayır. Təsəvvür edin ki, Dağlıq Qarabağda yeni doğulmuş 1-2 aylıq uşaq 25-26 ildir ki, doğulduğu yerləri görə bilmir. Bu cür ədalətsizliyə dözmək olarmı? Bəs beynəlxalq birlik hara baxır? Niyə bu haqsızlıqlara göz yumur? Ermənistanın özünə qalsa, 100 il sonra da sülhə tərəf olmayacaq. İşğala son verilməsi və hüquqları tapdalanmış insanların problemlərinin həlli üçün Dağlıq Qarabağda erməni işğalına son verilməlidir”.
C.Çiçək deyib ki, beynəlxalq birlik bunu təmin etməlidir: “Ancaq bu gün biz əksini müşahidə edirik. Nədənsə beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxmaq əvəzinə, ona dəstək verir. Beynəlxalq birlik anlamalıdır ki, təkcə Azərbaycana dinc addımlar atmaq arzulamaqla problemin həllinə nail olmaq mümkün deyil. Eyni zamanda, hətta, ilk olaraq işğalçı Ermənistana sülh naminə addımlar atmasını təmin etmək lazımdır. Bunun üçün də beynəlxalq təşkilatların Ermənistana təzyiq etməsi lazımdır. Əgər Ermənistan işğala son verib, sülhə tərəf addım atarsa, əmin olun ki, Azərbaycan da buna layiq addım atacaq”.
Xatırladaq ki, yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Mənbə:> Ölkə.Az