“İRANA QARŞI DÜYMƏYƏ BASILIB…” – “Azərbaycanla sərhəddə kürd dövləti yarana bilər”
“Amerikanın və yaxın müttəfiqlərinin regionla bağlı planları var. Üstəlik, bu planlar yeni deyil, əksinə, onun yüz illik tarixi var”.
Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Suriyada İŞİD-in məhv edilməsinə rəğmən, Amerikanın YPG silahlı qüvvələrinə durmadan dəstəyini artırmasının səbəblərini Teleqraf.com saytına açıqlayarkən deyib.
Sülhəddin Əkbər qeyd edib ki, bu planın tərkib hissələrindən biri də Yaxın Şərqdə kürd dövlətinin qurulmasıdır: “Türkiyədə baş verən proseslər, 15 iyulda dövlət çevrilişinə uğursuz cəhd, PKK və onun tərkib hissəsi olan PYD və YPG-nin silahlandırılması, onların tərkibinin genişləndirilməsi və gücləndirilməsi, faktiki ordu yaradılması və digər məqamların hamısı eyni strateji planın tərkib hissəsidir. Son günlər İranın daxildən qarışdırılması da bu plan daxilində baş verir. Artıq ABŞ və İsrail mediası açıq yazır ki, may ayında Vaşinqton və Təl-Əviv İrana qarşı birgə hərəkət etməyi razılaşdırıb.
Bildiyiniz kimi, mayın 21-də Donald Trampın Ər-Riyad səfəri oldu və orada anti- İran koalisiyası yaradıldı. Bu, açıq şəkildə bəyan olundu. Bundan başqa, Maykl Dandrea ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran bölümünə rəhbər təyin edildi. Nəhayət, 12 dekabrda Vaşinqtonda ABŞ və İsrailin milli təhlükəsizlik şuralarının birgə görüşü keçirildi. Burada İrana qarşı birgə hərəkat haqda qərar qəbul edildi və birgə işçi qrupu yaradıldı. İşçi qrupunun bir qolu da İranın terrorizmə dəstəyinin qarşısını almaq adı altında Tehranın regionda güclənməsini əngəlləməkdir”.
S.Əkbər hesab edir ki, planda yeni kürd dövlətinin qurulması strateji hədəfdir: “Eyni zamanda operativ-taktiki planda məqsəd silahlandırılan kürdlərdən İran məsələsində istifadə etməkdir. Artıq Ərbil və Herat şəhərində operativ qərargahların qurulduğu haqda məlumatlar var. İstər ABŞ prezidenti, istər xarici işlər naziri, istərsə də Mərkəzi Kəşfiyyat İdarəsi başçısının açıqlamalarından görünür ki, indiki ABŞ administrasiyasının İranda rejim dəyişikliyi etmək niyyəti var. Bunun nə dərəcədə uğurlu və ya uğursuz olacağı başqa mövzusdur. Amma belə bir niyyət var və ABŞ, İsrail, Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya yaradılıb. İndi baş verənlər göstərir ki, İrana qarşı düyməyə basılıb”.
Sülhəddin Əkbər sonda qeyd edib ki, əgər məqsəd kürd dövlətinin yaradılmasından gedirsə, bu dövlət Suriya, İraq, İran və Türkiyə ərazilərini əhatə edir: “Mümkündür ki, bu dövlət qurularsa, sərhədləri İranın Qərbi Azərbaycan ostanına qədər əraziləri əhatə etsin. Bu isə həmin dövlətin Azərbaycanla sərhədlərə malik olması anlamını verərdi”.
Mənbə:> Teleqraf.com