XİN-dən sərt açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

XİN-dən sərt açıqlama

XİN-dən sərt açıqlama


“ABŞ-ın ayrı-ayrı ştatlarının mərkəzi dövlət adından hər hansı əhəmiyyətli qərar vermək səlahiyyəti yoxdur. Piar xətrinə atılmış bu addım erməni təbliğat maşınının növbəti fəaliyyətidir”.

Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Diplomat Kaliforniya ştatının Senatı tərəfindən qəbul edilmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə sənədin heç bir qüvvəsi olmadığını bildirib: “Erməni lobbisinin maddi və siyasi təsiri altında olan mətbuatda ABŞ-ın Kaliforniya ştatı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması müxtəlif şəkildə qiymətləndirildi. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi brifinq keçirərək mətbuatı bu məsələ ilə bağlı daha ətraflı məlumatlandırıb. Bu sənədin heç bir hüquqi qiyməti yoxdur”.

Elman Abdullayev belə bir qərarın ABŞ-ın dövlət maraqları ilə üst-üstə düşmədiyini deyib: “Artıq ABŞ-ın Azərbaycana olan marağı dəyişib. Bu gün Azərbaycan güclü dövlətə malik, mütləq səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən etibarlı tərəfdaş, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkədir. Artıq XXI əsrin Azərbaycanı dünya üçün maraqlı Azərbaycandır. Nəzərinizə çatdırım ki, 40 senat üzvündən 17-si, o cümlədən, Senatın prezidenti sənədin qəbuluna etiraz ediblər. Bu isə erməni icmasının ən güclü təmsil olunduğu məkanda belə, onların 50 faiz səsi güclə yığa bildiyini göstərir. Artıq erməni lobbisinin tərkibində də parçalanma var”.

Qonaq belə sənədlərin qəbulunun Ermənistanın özünə daha çox zərər verdiyini vurğulayıb: “Əhəmiyyətli layihələrdən kənarda qalan Ermənistanda əhalinin yarıdan çoxu ölkəni tərk edib. Belə bir ölkənin hansısa proseslərə iddia etməsi gülüncdür. Çünki Ermənistan heç bir ölkənin etibarlı tərəfdaşı hesab olunmur. Erməni lobbisi Ermənistan dövlətçiliyini öz şəxsi maraqlarına qurban verdi. Bundan zərər çəkən də elə Ermənistan özüdür. Erməni lobbisi artıq Qarabağ və qondarma “erməni soyqırımı” məsələsini biznesə çevirib. Bu məsələləri gündəmə gətirərək siyasi təzyiq vasitəsilə vəsait toplama kampaniyaları təşkil edirlər. Lakin burada da maliyyə gəlirlərinin azalması müşahidə olunur. Hamı artıq başa düşür ki, erməni lobbisi və Ermənistan dövləti bu strategiya ilə üzün müddət tab gətirə bilməz”.

Elman Abdullayev erməni lobbisi ilə rəsmi İrəvan arasında ziddiyyətlərin olduğunu vurğulayıb: “Erməni lobbisi ilə Ermənistan hökuməti arasında da ciddi fikir ayrılığı var. Bu o həddə çatıb ki, Ermənistan rəsmiləri ABŞ-da səfərdə olarkən radikal daşnak erməni dairələri onlarla görüşməkdən imtina ediblər. Bu parçalanma getdikcə dərinləşəcək. Artıq Amerikanın Erməni Milli Komitəsi ilə Erməni Assambleyasının başında duran şəxslər bir-birinə zidd fikirlər söyləyirlər”.

Ermənilərin ən çox təmsil olunduğu Kaliforniya ştatında bir çox siyasi qüvvələrin və senatorların erməni lobbisinin maddi vəsaiti ilə maliyyələşməsi qəbul olunan qərarlara da təsir edir. Bunu da nazirlik rəsmisi də bildirib: “ABŞ-da bəzi senatorlar öz siyasi kampaniyalarını həmin erməni lobbisinin vəsaiti hesabına qururlar. Elə senatorlar var ki, hətta onların köməkçilərin maaşını da erməni lobbisi ödəyir. Buna görə də həmin vəzifəyə erməni təyin olunur. Lakin belə hallar xeyli azalıb. Odur ki, əvvəllər yalnız deklarasiya xarakteri daşıyan belə bir sənədi asanlıqla qəbul etdirə bilən ermənilər bu dəfə xeyli vəsait xərcləməli olublar. Sənədin mətnində də söz oyunu var, burada qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanındığı deyilmir, tanınmasının tövsiyə olunması vurğulanır”.

Diplomat Kaliforniya Senatında qəbul olunan qərarın heç bir hüquqi qüvvəyə malik olmadığını belə əsaslandırıb: “ABŞ federal ölkə olsa da, ştatların xarici siyasətlə bağlı heç bir səlahiyyəti yoxdur. Bu sənəd isə ABŞ-ın milli təhlükəsizlik və dövlət maraqlarına zidd olan və yalnız bir qrup insanın mövqeyini əks etdirən kağız parçasıdır. Hətta erməni lobbisinin də tərkibində bir qrup insan bunun əhəmiyyətsiz olduğunu və Ermənistanın inkişafına əngəl olduğunu düşünür. ABŞ hökuməti də başa düşür ki, bu münaqişədə söhbət beynəlxalq hüququn pozulmasından, başqa dövlət ərazisinə təcavüzdən, 1 milyondan artıq insanın qaçqın düşməsindən və qanlı etnik təmizləmədən söhbət gedir”.

Maariflənmə istiqamətində səfirliyin gördüyü işlərdən danışan Elman Abdullayev əsas mübarizənin informativ sahədə getdiyini deyib: “Amerikada Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədlər erməni lobbisinin fəaliyyətinə çox ciddi cavabdır. Eyni zamanda, Azərbaycan əsilli ABŞ vətəndaşları bu məsələ ilə bağlı öz fikir və mövqelərini nümayiş etdirə bilərlər, çünki onlar həmin ölkənin vətəndaşı və vergi ödəyiciləridir. Əvvəlki illərdən fərqli olaraq hazırda bütün dünyada Azərbaycan diasporu ilə rəsmi nümayəndəlik və səfirliklərimiz arasında sıx əməkdaşlıq mövcuddur. Bundan əlavə, Azərbaycan dövləti gənclərin xaricdə təhsilini maliyyələşdirir. Bu gün həmin gənclər maarifləndirmə istiqamətində xeyli iş görürlər. Bu maariflənmə seminarlar, simpoziumlar şəklində həyata keçirilir, tələbələr öz elmi fəaliyyətlərini regiondakı münaqişəyə həsr edirlər”.

Nazirlik nümayəndəsi Azərbaycanın “qara siyahı” ilə bağlı nümayiş etdirdiyi prinsipiallığın nəticəsiz olmadığından danışıb: “Artıq xarici jurnalistlər, nüfuzlu şəxslər “qara siyahı”ya düşməkdən çəkinirlər. Hər kəs bu siyahıya düşməklə Azərbaycanla olan əməkdaşlıq imkanından məhrum olduğunu anlayır. Bizim Qarabağa səfər etmək istəyənlərə şərtimiz bu səfəri Azərbaycan tərəfinin rəsmi icazəsi və vizası ilə həyata keçirməkdir. Artıq beynəlxalq təşkilatlar bu münaqişədə Azərbaycanın nə qədər prinsipial mövqe tutduğunu bilirlər. Həmin siyahıya düşən şəxslərin böyük əksəriyyəti Azərbaycanın bu məsələdə necə barışmaz mövqe göstərdiyini nəzərə almayıb və ya işğal olunmuş ərazilərə aldadılaraq aparılıblar”.

Türkiyənin yeni xarici işlər nazirinin Qarabağ münaqişə ilə bağlı bəyanatını yüksək qiymətləndirən Elman Abdullayev regionun bütün dövlətlərinin eyni mövqe nümayiş etdirməsinin əhəmiyyətini xüsusi qeyd edib: “Mövlud Çavuşoğlunun bəyanatı Türkiyənin xarici siyasətində Azərbaycana sadiqliyi davam etdirəcəyinin əlamətidir. Türkiyənin mövqeyi regionda sabitliyinin və münaqişənin həllinin tərəfdarı olan qonşu dövlətlərə örnək olmalıdır. Ətraf dövlətlər Ermənistana təzyiq etməli və onu sülhə məcbur etməlidirlər. Bunu ilk növbədə Minsk Qrupunun həmsədrləri etməlidirlər. Artıq status-kvonun bu şəkildə davam etməsi təhlükəlidir. Bu nəinki münaqişə tərəfləri, hətta qonşu dövlətlər üçün də təhlükəlidir. Cəbhə bölgəsindəki son hadisələr göstərdi ki, bu münaqişə qətiyyən dondurulmuş deyil, sözün əsl mənasında canlı fazadadır”.

Sonda qonaq Litva parlamenti nümayəndələrinin Dağlıq Qarabağa səfərinə də münasibət bildirib: “Bununla bağlı XİN və bizim Litvadakı səfirliyimiz Litva parlamentinə etiraz məktubu təqdim edəcək. Burada təxribatçı məqam var, çünki Litva parlamentinin vahid qərarı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *