Ukraynada müharibənin miqyası genişlənir – VİDEO
Ukraynada rusyönümlü üsyançılarla hökümət qüvvələri arasında atışmalar səngimir.
ANS TV-nin məlumatına görə, strateji əhəmiyyətli İlovaysk şəhərində ukraynalı hərbçilər silahlıların pusqusuna düşüb. Humanitar dəhlizin yaradılmasına dair qeyri-rəsmi razılaşma olmasına baxmayaraq, rusyönümlü qüvvələr 6 silahsız əsgəri yerindəcə gülləyəyib. Həmçinin Ukraynanın “Şaxtyor” futbol klubunun bazasına raket mərmisi atılıb. Atılan bombalardan dördü klubun əsas təlim bazasına düşüb.
Hərbi əməliyyatlar səbəbindən isə evlərini tərk edənləyir sayı artır.
Rusiya prezidenti Vladimir Putin isə gözlənilməz bəyanatla çıxış edib. Birinci kanala müsahibəsində Rusiya lideri Ukrayna prezidenti Petro Poroşenko ilə avqustun 26-da Minskdə münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsinə dair razılığa gəldiyi barədə açıqlama verib. Putinin fikrincə, Donetsk və Luqanskda gedən döyüşlər Ukrayna daxilində vəziyyətin gərgin olmasından xəbər verir. Rusiya prezidenti Ukrayna hakimiyyətini hərbi əməliyyatları dayandırmağa və infrastrukturu bərpa etməyə çağırıb.
Putinin bu bəyanatından 4 gün əvvəl Rusiya sərhədini keçən 63 ukraynalı hərbçi ölkəsinə qaytarılıb. Putinin bəyanatı həmçinin ötən gün Ukrayna prezidenti Petro Poroşenkonun Avropa Birliyi ölkələrini müharibənin daha geniş miqyas ala biləcəyi barədə etdiyi xəbərdarlığından sonra gəlib.
Ukrayna prezidenti Petro Poroşenko isə düşünür ki, artıq geriyə yol yoxdur: "Biz geriyə yolun olmadığı kritik nöqtəyə çatmışıq. Bu artıq silahlıların nəzarətində olan ərazilərdə baş vermiş geniş miqyaslı müharibədir. Belə bir anda atılacaq hər hansı təcavüzkar addım məsələni kritik həddə çatdıra bilər”.
Bu arada Avropa Birliyi bir həftəyə Rusiyaya qarşı sanksiylar dalğasını genişləndirməyə hazırlaşır. Brüsseldə qəbul olunmuş yekun bəyannamədə deyilir ki, Donbasda silahlılarla əlaqəsi olan bütün təşkilatlara qarşı sərt sanksiyalar tətbiq olunacaq. Ukrayna tərəfi Putindən əvvəl də sülh planının bir neçə günə hazır olması ilə bağlı işarə vermişdi. Bütün bunların fonunda Rusiya tərəfinin yumşaq bəyanatlarla çıxış etməsi anlaşılandır.
BMT-nin hesablamalarına görə, hərbi əməliyyatlarda 2500-ə yaxın insan həlak olub, 6 min nəfərdən artıq insan yaralanıb. Ukrayna ərazisinin əsasən Donetsk və Luqansk əyalətlərinin şəhərlərinin əksəriyyəti rusyönümlü üsyançıların əlindədir. Slavyansk başda olmaqla hər 3 əyalətin bəzi şəhərlərində isə hökümət qüvvələri nəzarəti bərpa edə bilib.
Mənbə:> ANSPRESS