Azərbaycan Rusiyadan T-90MS tankı almaqda maraqlıdır
Əbu-Dabidə keçirilən ADEX beynəlxalq silah sərgisində bir sıra ölkələr Rusiya istehsalı olan “İskander” operativ-taktiki raket kompleksi, T-90MS tankı, “Xrizantema-S” tank əleyhinə kompleks və başqa silah nümunələrini almağa maraq göstəriblər.
Oxu.Az-ın məlumatına görə, Rosinformbüro yazır ki, sərginin ilk günlərində Yaxın Şərqin bir sıra ölkələri Rusiya istehsalı olan T-90MS tankını almağa böyük maraq göstəriblər.
Hələ adı çəkilməyən bir ölkə isə döyüş maşınını öz ərazisində sınaqdan keçirmək qərarına gəlib.
Bu barədə “Rosoboroneksport”un direktor müavini İqor Sevastyanov bildirib.
Onun sözlərinə görə, iyulda “biz sizinlə T-90MS tankının Əmirliklərə “irəlilməsi” adlanan hadisənin şahidi olacağıq”.
Bundan əvvəl “Uralvaqonzavod”un (T-90 tipli tankların istehsalçısı) baş direktoru Oleq Siyenko bildirmişdi ki, bu model Küveytdə uğurla sınaqdan keçirilib və region ölkələrində yaxşı perspektivləri var.
“UKBTM”in (“Uralvaqonzavod” korporasiyası) baş direktoru və baş konstruktoru Andrey Terlikov yaxın vaxtlarda T-90MS-in Yaxın Şərqə tədarükü müqavilələrinin icrasına başlamaq niyyəti barədə məlumat verib.
T-90MS tankına Azərbaycanın hərbi idarəsi də böyük maraq göstərib və onun alına biləcəyini bildirib. Yaxın vaxtlarda bu məsələnin müzakirəsinə başlamaq planlaşdırılır, sayt yazır.
Qeyd edək ki, T-90MS tankı V92Cs mühərriki (“F” versiyası, 1130 at gücü), yeni kondisioner, zirehlə gücləndirilmiş mühərrik-transmissiya bölməsi, qüllədə 12,7 mm-lik pulemyot, lülənin əyilməsi sensoru, 7,62 mm-lik pulemyot üçün 400-dək artırılmış patron ehtiyatı ilə təchiz olunub.
Sərgidə yeni tankın yenilənmiş atəşi idarəetmə sistemi (AİS) və dinamik müdafiəyə malik seriyadanəvvəlki nümunəsi göstərilib. O, idarə olunan silahın tətbiqi və döyüş meydanında rabitə sistemləri üzrə əlavə imkanlara malikdir.
Qeyd edək ki, əvvəllər Azərbaycan Rusiyadan T-90S markalı tanklar almışdı və onlar 2014-cü il iyunun 26-da paradda nümayiş etdirilmişdilər.
Mənbə:> Oxu.Az