İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib – FOTO
2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın ölümündən sonra hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvanın Respublika meydanında mitinq ötən gün də davam edib.
AzNews.info-nun APA-a istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzində davam edən aksiya zamanı etirazçılar və polis əməkdaşları arasında qarşıdurma baş verib.
Məlumata görə, aksiya iştirakçıları baş nazirin müavininin etirazçılarla görüşərək, Artur Sarkisyanın “Yerablur” fəxri xiyabanda dəfn edilməsinə icazə verilməməsinin səbəbinin izah etməsini tələb ediblər.
Polisin aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Lakin etirazçılar tələbi yerinə yetirməkdən imtina edərək, bir neçə dəfə yolu bağlayıblar. Asayiş keşikçiləri İrəvan polisinin rəis müavini Valeri Osipyanın rəhbərliyi altında etirazçılara qarşı zor tətbiq edərək, onları yolun hərəkət hissəsindən uzaqlaşdırıblar. Bu zaman etirazçılarla polis arasında toqquşma baş verib.
Aksiya təşkilatçıları mitinqi Azadlıq meydanında davam etdirməyə çağırıblar. Etirazçılar martın 19-da axşam saatlarında hökumət binasına doğru yürüş keçirməyi qərara alıblar.
Qeyd edək ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da İrəvanda ölüb.
Həmin gün axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.
Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağırıblar. Etirazçılar “Serjik qatil”, “Baş prokuror istefaya” və s. şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz “oturaq” aksiyası keçirməyə qərar veriblər.
Həkimlərin məlumatına görə, ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq həbsdə olan A.Sarkisyan martın 15-də istintaq təcridxanasından ağır vəziyyətdə xəstəxanaya aparılıb və mədəsindən əməliyyat edilib. O, martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb. A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb.
Mənbə:> APA