Məmmədyarov: Lapşinin işinə görə Rusiya və İsraildən nota almışıq
Rusiya konsulunun yaxın iki gündə Belarusdan Azərbaycana ekstradisiya olunmuş blogger Aleksandr Lapşinlə görüşəcəyi gözlənilir.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Biz məsələ ilə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Çox güman ki, Rusiya konsulu sabah və ya birisi gün Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Səfirliyin onunla danışmaq üçün imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Hər hansı bir maneə görmürəm”, - deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, A.Lapşinin gələcək taleyi istintaqın nəticəsindən asılı olacaq:
“O, qanunları pozub və bu səbəbdən cinayət işi başlanılıb, nəticədə İnterpol xətti ilə axtarışa verilib. Bloggerə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, son qərarı məhkəmə verəcək”.
Qeyd edək ki, E.Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşərək, fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya olunmuş A.Lapşinin məsələsini müzakirə edib.
Mənbə:> Report