Azərbaycan XİN Lapşinin ekstradisiyası ilə bağlı bəyanat yayıb
Azərbaycan XİN ərazi bütövlüyümüzü danaraq mərkəzi hakimiyyətin icazəsi olmadan işğal altında olan torpaqlarımıza, Dağlıq Qarabağ bölgəsinə səfər edərək separatçıları – terrorçuları dəstəkləyən blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı bəyanat yayıb.
Oxu.Az-ın xəbərinə görə, bəyanatda deyilir ki, ayri-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələ hüquqi müstəvidə baxılmalıdır.
“Vətəndaşlığını daşıdığı ölkələrin xarici işlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib.
A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib”, - deyə XİN-in açıqlamasında bildirilib.
Əlavə olunub ki, A.Lapşin 2016-cı ilin dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib və Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasına yerləşdirilib. A.Lapşinin məsələsi Azərbaycan Respublikasının qanunları çərçivəsində baxılır:
“A.Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır.
Xarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırır”.
Mənbə:> Oxu.az