Rusiyada Lapşin isterikası: “Bu nədir? Bunlar çəkmələrini üstümüzə silirlər...” – FOTO
Rusiya və İsrail vətəndaşlığı daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Minskdə saxlanılması, daha sonra Bakıya ekstradisiya olunması barədə qərar verilməsi qonşu ölkədə çox əsəbi reaksiyalara səbəb olur.
Virtualaz.org xəbər verir ki, Rusiya dairələrində bu məsələyə görə daha çox Belarusa qəzəblidirlər. Axı necə ola bilər ki, özünü Rusiya ilə vahid dövlətin bir hissəsi elan edən Belarus rus vətəndaşını Azərbaycana ekstradisiya etsin, özü də Moskvanın bu məsələdəki çağırışlarını qulaqardına vursun?
Bu məsələ “Exo Moskva” radiostansiyasının şərhçisi Yuliya Latıninanın “Kod dostupa” müəllif proqramında da qaldırılıb. Şərhçi bildirir: “Axı bloqqer Lapşinlə bağlı nə baş verib? O, Azərbaycandan soruşmadan Qarabağa gedib. Üstəlik sosial şəbəkələrdə buna görə lovğalanıb və ələ salıb. Azərbaycanlılar onu beynəlxalq axtarışa veriblər, Minskdə həbs ediblər və indi Bakıya ekstradisiya etməyə hazırlaşırlar. Uşaqlar, bu, divanəlikdir. Bizim saxladığımız avtoritar dövlət (Belarus nəzərdə tutulur) tozunu üstümüzə silir, ona görə ki...Bağışlayın, tanınmamış respublikaya Bakının icazəsi olmadan gedən adamı beynəlxalq axtarışa vermək nə deməkdir? Bu, presedentdir. Bu o deməkdir ki, Ukraynadan soruşmadan Krıma gedən hər bir rusiyalı beynəlxalq axtarışa verilə və Ukraynaya tutulub göndərilə, orada 8 il həbs ala bilər. Nəyə görə biz Lapşini istəmirik?
Və ümumiyyətlə, əgər amerikalılar hansısa rusiyalı xakeri həbs etsə biz sadəcə olaraq bütün dünyanı silkələyərik. Belarus isə rusiyalı bloqqeri həbs edib, hansı ki, günahı ancaq Dağlıq Qarabağa getməkdən ibarətdir. Təsəvvür edin ki, həmin bloqqeri amerikalılar həbs etsə nə baş verərdi, məsələn, Obamanın vaxtında. (İndi yəqin ki, biz buna görə yenə susardıq) Bizim XİN buna görə onların beynini deşərdi. İndi isə heç veclərinə deyil, tam sükutdur. Dünya isə bunu görür, diplomatik korpus görür. Onlar görürlər ki, o qədər də böyük olmayan Belarus bu məsələdə çəkmələrini Rusiyanın üstünə silir. “Uralkalium” şirkətinin baş direktoru Baumqartneri Minskə danışıqlar adı altında çağırıb həbs edəndə də belə etmişdilər...
Mən bir daha təkrar edirəm, əslində bu, Rusiyanın imicinə zərbədir. A) dəhşətli zərbədir. B) tamamilə dəhşətli zərbədir, mən artıq dedim, presedentdir, çünki bunun əsasında indi Ukrayna Krıma gedən istənilən adamı beynəlxalq axtarışa verə bilər. Və bu zaman biz necə görsənəcəyik, o maraqlıdır.
Qeyd etməliyik ki, Lapşin həm də İsrail vətəndaşıdır. Bax həmin İsrail, hansı ki, Lapşindən vacib qayğıları var, bloqqerə görə yer cırmaqlayır. ..”
Karnegi Moskva Mərkəzinin bu mövzudakı məqaləsində isə Lapşinin məsələsi Belarusun Rusiyaya qarşı demarşı kimi qiymətləndirilir. Bildirilir ki, Lapşin dünyanın 120 ölkəsini gəzib, Rusiya, İsraillə yanaşı Ukrayna pasportu da daşıyır. O, dəfələrlə Dağlıq Qarabağda olub. Buna görə Azərbaycanın “qara siyahı”sına düşüb. Ancaq ötən il o, Ukrayna pasportunda adının “Aleksandr” yox, “Oleksandr” kimi yazılmasına görə Azərbaycanın sərhədlərini keçib və sonradan sosial şəbəkələrdə bununla lovğalanaraq Bakını qəzəbləndirib. Və indi onu Bakıya ekstradisiya və 8 il həbs gözləyir.
Məqalədə deyilir ki, Azərbaycanla Belarus arasında xüsusi münasibətlər var. Bundan əvvəl prezident İlham Əliyev Belarusa neftlə və pulla kömək edib. Minsk vaxtaşırı olaraq Moskva ilə mübahisəyə girir, Rusiya onu sıxmağa başlayanda alternativ enerji mənbələri axtarır. Azərbaycan isə Belarus üçün alternativ enerji mənbəyidir. “İki liderin nəinki yaxşı münasibətləri var, eləcədə postsovet məkanında prinsipial olaraq bərabər və münaqişəsiz şəxsi münasibətləri formalaşıb. Belarus KTMT-nin üzvü olsa da Minskin Qarabağ məsələsindəki mövqeyi yumşaq desək azərbaycanyönümlüdrür”-məqalədə deyilir.
Bildirilir ki, Lapşinlə bağlı məsələ artıq siyasi müstəviyə keçib və Rusiyadan ekstremal təzyiqlər olmasa Minsk onu Bakıya göndərəcək. “Yəqin ki, Lapşini o vədlə Azərbaycana verəcəklər ki, onu orada həbsxanaya salmasınlar, vətəndaşı olduğu ölkələrdən birinə təhvil versinlər. İsrail artıq Lapşinin prezident Əliyevdən üzr istəməsi barədə məktub təşkil ediblər, habelə onun anasının əfv barədə xahişini göndəriblər. Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına baxmayaraq Minskin Lapşinin ekstradisiyası barədə çıxardığı qərarın təsadüfi olub-olmadığı məlum deyil, ancaq bu, Belarus-Rusiya münasibətlərində böhran yaranmadan baş verə bilməzdi”-məqalədə deyilir.
Minsk və Moskva artıq yarım ildir ki, qazın qiymətinə görə, neft təchizatına, Belarus-Rusiya sərhədini xarici vətəndaşların keçməsi rejiminə, “Rosselxoznadzor”un Belarus mallarının idxalına məhdudiyyət qoymasına görə mübahisə edirlər. Rusiyanın federal KİV-ləri tez-tez Belarus rəhbərliyini tənqid edir, Minskin Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri ara vermir.
Xatırladaq ki, Lapşinin məsələsi ilə bağlı Ermənistanda da böyük isterika, çaşqınlıq və pərtlik müşahidə olunmaqdadır. Bir tərəfdən ermənilər arxayın idilər ki, Rusiya xarici işlər nazirinin bəyanatından sonra Minsk bloqqeri Bakıya vermək fikrindən daşınacaq. Lakin elə ertəsi gün Belarus prokurorluğunun bu qərarı açıqlandı. Ardınca məhkəmə qərarı qüvvədə saxladı. Gözlənilir ki, məsələyə fevralın 4-də nöqtə qoyulacaq və bloqqer onu Minskdə gözləyən təyyarə ilə Bakıya gətiriləcək.
Heç bir şübhə yeri yoxdur ki, Lapşinin tutulması və ekstradisiyası, hətta onu sonradan Azərbaycanda əfv edib vətəndaşı olduğu ölkələrdən birinə, məsələn, İsrailə versələr belə, ermənilər üçün ciddi zərbə olacaq. Çünki dünya erməniləri Qarabağı turizmin hesabına inkişaf etdirməyə böyük ümid bəsləyirlər. Lakin Lapşinin başına gələnlər işğal altındakı ərazilərə səfər edən başqa xarici ölkə vətəndaşları üçün presedent olmaqla yanaşı bu ərazilərə turist kimi gəlmək istəyənlər üçün də çəkindirici hadisə olacaq. Bu baxımdan Ermənistandakı isterik reaksiyaları başa düşmək olar. Ancaq göründüyü kimi Rusiyada da bundan az narahat deyillər və əsas qəzəbi Belarusun üzərinə yönəldirlər...
Mənbə:> Virtualaz.org