Ukraynada azərbaycanlı merin qatilləri mühakimə olunacaq
Ukraynanın Poltava vilayətinin prokurorluğunun istintaq şöbəsi Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı məhkəmə öncəsi araşdırmanı başa çatdırıb.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prokurorluğun məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, cinayət işi üzrə 4 nəfər – sifarişçi, təşkilatçı və iki icraçı həbsdədir. Onlara qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
“Cinayət işinə hansı məhkəmədə baxılacağına Poltava vilayətinin apellyasiya məhkəməsi qərar verəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, Kremençuq meri Oleq Babayev 2014-cü ilin iyulun 26-da evinin yaxınlığında qətlə yetirilib. Onun qətlinə görə killerlər 70 min dollar alıb.
Mənbə:> Oxu.Az