Madonnadan Trampa qarşı geri addım: Fikirlərim konteksdən çıxarılıb
Tanınmış müğənni Madonna ABŞ prezidenti Donald Trampa qarşı səsləndirdiyi və böyük qalmaqala səbəb olan çıxışının konteksdən çıxarıldığını bildirib.
AzNews.az xəbər verir ki, ABŞ-ın 45-ci prezdentinin inauqurasiya mərasimindən sonra “Qadınların marşı” adlanan etiraz aksiyası keçirilib. Aksiyada çıxış edən Madonnanın “Ağ Evi partlatmaq haqqında çox düşünmüşəm” fikri onun tənqid atəşinə tutulmasına səbəb olub.
Müğənni fikrinin düzgün anlaşılmadığını və konteksdən çıxarıldığını qeyd edib:
“Mən bəzi şeylərə aydınlıq gətirmək istəyirəm. Mən qəddar insan deyiləm, zorakılığı təbliğ etmirəm. İnsanların konteksdən çıxarılan bir fikri deyil, nitqimi tam eşitmələri və anlamaları vacibdir.”
Madonna baş verənlərə iki nəzər-nöqtəsindən baxmaqla metaforla danışdığını qeyd edib:
“Birincisi, ümid etməkdir, digəri isə qəzəb və hiddət hiss etmək – hansını ki, mən hiss edirdim. Mən bilirəm ki, qəzəblə həyata keçirilən fəaliyyət heç nəyi dəyişmir. Hər şeyi yaxşıya doğru dəyişməyin tək yolu isə sevgidir. “Biz sevgini seçirik” şüarını səsləndirən tamaşaçının bir hissəsi olmaq, həqiqətən də, qürurverici idi”.
ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçirilib.
Mənbə:> AzNews.az