Ərdoğan: Onlar xalqımızın ruhunu qırmaq istəyirlər
İstanbulda baş verən terror hücumu regiondakı vəziyyətdən ayrı nəzərdən keçirilə bilməz.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“2017-ci ilin ilk dəqiqələrində İstanbulun “Reina” gecə klubunda baş verən terror aktını qətiyyətlə pisləyirəm. Dinc əhaliyə qarşı yönələn insanlığa sığmayan hücumun təşkilatçıları ölkəmizdə xaos yaratmaq və xalqımızın ruhunu qırmaq istəyirlər. Bu hücumlar regiondakı vəziyyətlə bağlıdır”, - Türkiyə prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Ərdoğan həmçinin əlavə edib ki, onun ölkəsi “silahlı hücumlara, həmçinin iqtisadi, siyasi və sosial diversiyalara qarşı mübarizəni davam etdirəcək”.
Qeyd edək ki, İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.
Mənbə:> Oxu.Az