İntiqam Əliyev və Xədicə İsmayılova ilə görüş keçirildi
Ombudsman Aparatının əməkdaşları araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.
Başçəkmə zamanı ombudsmanın nümayəndələri həmin müəssisədə 20-dək saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Xədicə İsmayılova, Rasim Əlizadə, Asif Yusifli ilə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrənib.
Bu şəxslər bir qayda olaraq, saxlanma şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını bildirib, iki təqsirləndirilən şəxsin şəraitlə bağlı qaldırdığı məsələ müəssisə rəhbərliyi ilə müzakirə olunub, müvafiq tövsiyələr verilib.
Mənbə:> ANSPRESS