Nazirlikdən 34 nəfər çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirlikdən 34 nəfər çıxarıldı – FOTO

Nazirlikdən 34 nəfər çıxarıldı


Bu gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev qurumun 2014-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövlət başçısının 342 məhkumun əfv edilməsi ilə bağlı sərəncamlarının vaxtında və dürüst icra edildiyi qeyd olunub.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduqları vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric ediliblər.

Müşavirəyə yekun vuran ədliyyə naziri F.Məmmədov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, dinamik iqtisadi tərəqqiyə nail olunduğunu vurğulayıb, ədliyyə sisteminin müasirləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin yaxşılaşdırılmasına dair tədbirlərə toxunaraq məhkumların hüquqlarının xeyli genişləndiyini, bu sahədə qanunvericiliyin təkmilləşdiyini, saxlanma şəraitinin yaxşılaşdırıldığını bildirib. Həmçinin məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə müasir penitensiar infrastrukturun yaradılmasını, bu sahədə təsirli ictimai nəzarət mexanizminin tətbiqini, o cümlədən İctimai Komitənin səlahiyyətlərinin artırılmasını, insan hüquqlarının təminatı və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun effektiv fəaliyyətini qeyd edib.

Məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşdüyü, bu sahədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək 15-ə yaxın dövlətin nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə gəldikləri diqqətə çatdırılıb.

Nazir, bununla belə, işdə mövcud olan bəzi nöqsan və çatışmazlıqlara toxunaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, onlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, rejim və davranış qaydalarına dönmədən riayət olunmasını, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini, nizam-intizamın gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Həmçinin islah və təlim-tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi ilə bağlı və digər mühüm tədbirlər barədə aidiyyəti göstərişlər verilib.

Müşavirədə ölkə Prezidentinin bu il yanvarın 27-də 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfransda vətəndaş-məmur münasibətləri, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, etik davranış qaydalarına ciddi əməl olunması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib.

Nazirlikdən 34 nəfər çıxarıldı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *