Nazirlər Kabineti: Deputatın Baş nazirə ünvanladığı sual başa düşülən deyil
Nazirlər Kabinetinin Mətbuat xidməti deputat Bəxtiyar Əliyevin Milli Məclisdə qaldırdığı məsələyə cavab verib. Xatırladq ki, B.Əliyev Baş nazir Artur Rasi-zadəyə müraciət edərək deputatlar üçün tikilməsi nəzərdə tutulan binalara ayrılan milyonların hara getdiyini soruşub. Deputat Baş nazirdən məsələnin aydınlaşdırılmasını xahiş edib.
Onun çıxışından sonra Milli Məclisin sədri Oqtay Əsədovun həmin iclasda bildirib ki, deputat Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədə tikiləcək binanı nəzərdə tutur. Belə ki, bəzi deputatların da mənzil almaq istədiyi həmin kooperativ yaşayış binasının tikintisi “KAT LTD” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən aparılıb və sona çatdırılmamışdır.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim Yol qəzetinə bildirilib ki, Nazirlər Kabinetinin 2006-cı il 30 dekabr tarixli sərəncamına əsasən o dövrdə yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin olunması məqsədi ilə tikintisi yarımçıq qalmış həmin bina yerləşdiyi əraziyə bitişik torpaq sahəsi ilə birlikdə dövlət ehtiyacları üçün alınaraq Fövqəladə Hallar Nazirliyinin balansına verilib.
“Nazirlər Kabinetinin 2008-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədəki 1507 kv.m ərazidə yerləşən “KAT LTD” MMM-nə məxsus tikintisi yarımçıq qalan o binada aparılmış tikinti-quraşdırma işlərinin, habelə həmin əraziyə bitişik torpaq sahəsində mövcud olan yaşayış evlərinin əmlak sahiblərindən alınaraq, orada yaşayan ailələrin köçürülməsi məqsədilə “KAT LTD” MMM tərəfindən çəkilən bütün xərclərin əvəzləşdirilməsi qərara alınıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulan əsaslı vəsait qoyuluşu hesabına Məhdud Məsuliyyətli Müəssisəyə 4 567 166 manat vəsait ayrılıb”-deyə açıqlamada qeyd olunur.
Mətbuat xidməti daha sonra bildirir ki, “dövlət ehtiyacı üçün alınan yarımçıq binanın əvəzinə “KAT LTD” MMM-nin bütün məsrəfləri Nazirlər Kabineti tərəfindən tamamilə ödənildikdən sonra, həmin MMM ilə ayrı-ayrı vətəndaşlar arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin bütün məsuliyyətini “KAT LTD” MMM daşıyır. Yuxarıda deyilənləri nəzərə alaraq, deputat Bəxtiyar Əliyevin Milli Məclisin iclası zamanı Baş nazirinə ünvanladığı sual, yumşaq desək, başa düşülən deyil və onun məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etməsi daha düzgün olardı”.
Mənbə:> Oxu.Az