Vəzifəli şəxslər həbs edildi
Daxili İşlər Nazirliyi (DİN) son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın müxtəlif bölgələrində çoxsaylı vətəndaşların özünü "T group" adlandıran Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məluamta görə, aldadılmış vətəndaşlardan bir qrupunun müraciəti əsasında artıq Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Araşdırmalarla müəyyən olunub ki, "Tağıyev LTD" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun "Access" bankdakı hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.
Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri ilə Ü.Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib.
DİN vətəndaşların nəzərinə çatdırır ki, cinayət işi üzrə ibtidai araşdırma nazirlikdə davam etdiriləcək və bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur.
Mənbə:> ANSPRESS