Cibuti Portu və Azad Ticarət Zonasının sədri Bakı limanında olub – FOTO
Bu gün Cibuti Portu və Azad Ticarət Zonasının sədri (Djibouti Ports & Free Zones Authority), Cibuti Milli Hava yollarının baş direktoru Əbubəkr Ömər Hadi və baş müşaviri Mahamed Aden Waberi Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqlara yeni Bakı Limanının inkişaf planı barədə məlumat verib və yaradılan Ələt Azad Ticarət Zonasının dövlətin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.
Qonaqlar yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Xarici sürücülərin istirahəti üçün yaradılmış şərait, eləcə də Bakı Limanında fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verilib. Bildirilib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı və yaradılacaq Ələt Azad Ticarət Zonası nəyinki Azərbaycanın, eyni zamanda bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və eyni zamanda Azərbaycanın istehsal gücünü artıracaq.
Qeyd edək ki, Cibuti Limanı Asiya, Afrika və Avropanı birləşdirən əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Qırmızı dənizin cənub girişində yerləşir. Liman əsasən Şərq-Qərb ticarət marşrutu üzrə ən qısa yol sayılır. 1998-ci ildən bəri, Liman ağır yük maşınları və dəmir yolu vasitəsi ilə Əddis Əbəbəyə dəniz trafikinin 100%-nə nail olmuşdur. Bu mühüm işin həyata keçirilməsi üçün, Liman həmçinin də bir çox əlavə quru sahələri yaratmışdır. COMESA (vahid cənub və qərb Afrika bazarına) xidmət etmək üçün mükəmməl ərazidə yerləşən liman 19 ölkə və 380 milyon insanı birləşdirir.
Əbubəkr Ömər Hadi 4 il ərzində Cibutini Afrikada ən sürətlə inkişaf edən logistika qovşağına çevirib. Hal-hazırda isə, o 70% maliyyələşdirilmiş və ümumi dəyəri 15 milyard dollar olan Cibuti Limanı və Azad Ticarət Zonası layihəsini reallaşdırır.
Mənbə:> Oxu.Az