İlham Əliyev Özbəkistan xalqına başsağlığı verib
Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verib.
Oxu.Az-ın xəbərinə görə, dövlət başçısının Özbəkistan Ali Məclisi Senatının sədri Niqmatulla Yuldaşevə ünvanladığı məktubda deyilir:
“Hörmətli Niqmatulla Tulkonoviç,
Özbəkistan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim İslam Abdulqəniyeviç Kərimovun vəfatı barədə xəbər məni dərindən kədərləndirdi.
İslam Abdulqəniyeviç Kərimov tarixə müstəqil Özbəkistanın ilk Prezidenti kimi daxil olub. Ölkənin təşəkkülü, inkişafı, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi və siyasi sahələrdə nailiyyətləri və uğurları, qardaş Özbəkistanın beynəlxalq birliyə inteqrasiyası onun adı ilə bağlıdır.
Uzaqgörən, prinsipial və ardıcıl siyasət, təşkilatçılıq istedadı, ən mürəkkəb məsələlərin həllinə əsl dövlətçilik mövqeyindən yanaşması İslam Kərimova xalq məhəbbəti, dərin hörmət və nəinki Özbəkistanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırmışdır.
Azərbaycanda İslam Kərimovu xalqlarımız arasında çoxəsrlik mehriban dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində, müstəqillik dövründə Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin formalaşdırılmasında və hərtərəfli inkişafında əsl dost kimi tanıyır və dərindən hörmət edirlər.
Bu kədərli anda ağır və əvəzsiz itki ilə bağlı Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, İslam Abdulqəniyeviç Kərimovun doğmalarına və yaxınlarına, bütün qardaş Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm.
İslam Abdulqəniyeviç Kərimovun parlaq xatirəsi qəlbimizdə həmişəlik qalacaq”.
Mənbə:> Oxu.Az