İslam Kərimovun ölümünün səbəbi açıqlandı
Özbəkistan höküməti öz rəsmi saytında prezident İslam Kərimovun xəstəliyi və ölümü ilə bağlı tibbi ekspertizanın nəticələrini dərc edib.
Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Kərimov avqustun 27-i səhər saatlarında təcili şəkildə Özbəkistan Səhiyyə nazirliyinin Mərkəzi xəstəxanasına gətirilib. Xəstəyə beyin qan dövranının kəskin pozulması (insult) diaqnozu qoyulub.
Məsləhətləşmələri dünyanın aparıcı klinikalarının mütəxəssisləri, o cümlədən akademik Leo Bokeriya — Bakulev adına Ürək-Damar cərrahiyəsinin Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Əmir Sami — Hannover beynəlxalq neyrocərrahiyə institutunun vitse-prezidenti və icraçı direktoru, professor Hüqo Katus — Heydelberq Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri və digər tanınmış həkimlər aparıblar.
Qeyd olunur ki, Kərimovun xəstəxanaya yerləşdirildiyi vaxtdan vəziyyəti atonik koma kimi qiymətləndirilirdi.
Cümə günü, sentyabrın 2-də, saat 20.15 radələrində həkimlər İ.Kərimovun ürək fəaliyyətinin dayanması ilə ölüm faktını qeydə alıblar.
Mənbə:> Oxu.Az