Britaniya vəhabi kral üçün yas saxladı
Britaniyanın hökumət binalarında və kraliça II Yelizavetanın Bukingem sarayında Səudiyyə kralı Abdullahın vəfatı ilə əlaqədar dövlət bayraqlarının endirilməsi ölkə boyunca müxtəlif siyasi partiyaları təmsil edən siyasətçilər tərəfindən kəskin tənqid edilir.
Vəliəhd şahzadə Çarlz və baş nazir David Kameronun kral Abdullahın yas mərasimində iştirak üçün Səudiyyə Ərəbistanında olduqları bir vaxtda Britaniyanın özündə dövlət bayraqlarının bu münasibətlə endirilməsi birmənalı qarşılanmayıb.
Bir sıra tanınmış siyasətçilər və “insan haqları müdafiəçiləri ifadə azadlığını və qadınların hüquqlarını kobud şəkildə pozan, İslam ekstremizinə rəvac verən bir ölkənin” rəhbərinə bayraq səviyyəsində ehtiram göstərilməsinin başa düşülmədiyini bildirirlər.
Şotlandiya mühafizəkarlarının lideri Rut Davidson tvitterdən göndərdiyi mesajda bayraqların endirilməsini “ikrah hissi doğuran cəfəngiyyat” adlandırıb.
UKİP partiyasından millət vəkili Duqlas Karsvill isə deyib ki, bayraqların endirilməsi “hökumət binalarında oturanların mənəviyyatsızlıq dəyərlərinin Britaniya ictimai dəyərlərindən fərqli olduğunu göstərir”.
Baş nazirin iqamətgahı, parlament binası və Vestminister abbatlığı üzərində Britaniya dövlət bayraqları kral Abdullah vəfat edən kimi endirilib.
Müti köləlik
D.Karsvill bəyan edib ki, bu hadisə hökumətin reallıq hissindən uzaq olduğunu nümayiş etdirib.
“Hökumət binalarında bayraqların kral Abdullah üçün yarıyadək endirildiyi bir vaxtda görəsən Səudiyyədə neçələrini edam ediblər?” – deyib millət vəkili.
Yaşıllar Partiyasından millət vəkili Karolin Lukas isə yazır ki, "Britaniya hökuməti Səudiyyə Ərəbistanına onun kralının ölümü münasibətilə dövlət bayraqlarını endirəcək qədər yaxındırsa, onda nə üçün bu ölkədən öz vətəndaşlarının təməl haqlarının və azadlıqlarının təmin edilməsini tələb etmir?”
Leyborist millət vəkili Pol Flinn isə bildirib ki, bayraqların endirilməsi “Britaniyanın hakim elitasının xarici monarxlar qarşısında müti köləliyinin ifadəsidir”.
Kəsilən başlara kim bayraq endirəcək?
"Amnesty International" təşkilatının Birləşmiş Krallıq üzrə direktoru Keyt Allen isə deyib ki, “heç kim Səudiyyə Ərəbistanının hər il edam etdiyi çox sayda insan üçün bayraq endirmir”.
Xanım Allen deyir ki, bayraqlar yenidən qaldırılanda rəsmi London təzə kral Salmandan insan haqları sahəsində islahatların aparılmasını tələb etmək üzərində düşünməlidir.
Britaniya hökumətinin Mədəniyyət, Media və İdman Departamenti tənqidlərə cavab olaraq bildirib ki, xarici monarxların ölümü münasibətilə bayraqların endirilməsi rəsmi protokola daxildir.
Parlamentdəki mənbələrdən biri məlumat verib ki, bayraqların endirilməsi Bukingem sarayının ricası ilə edilib.
Sarayın sözçüsü deyilənləri təsdiq edib, lakin bildirib ki, bu barədə hökumətlə də məsləhətləşmələr aparılıb.
“Səbirli modernizator”
Kral Salmana ünvanlanmış başsağlığı bəyanatında Britaniya kraliçası deyib: “Sizin dəyərli qardaşınız Abdullah həyatını krallığa və İslama xidmətdə keçirib. O, sülh və xalqlar arasında anlaşma üçün çalışanların qəlbində yaşayacaq”.
Baş nazir David Kameronun da başsağlığında Səudiyyə kralının “sülh və dinlərarası anlaşma istiqamətindəki xidmətləri” yad edilib.
Keçmiş baş nazir Toni Bleyer isə Abdullahı “sabit və sadiq müttəfiq, səbirli və bacarıqlı modernizator” adlandırıb.
Acları doyuran
Yeri gəlmişkən, Qərb mətbuatı mərhum kral Abdullaha qlobal miqyasda verilmiş başsağlıqlarını da tənqid edir.
BMT-nin baş katibi Pan Gi Mun deyib ki, “mərhum kral ömrünü öz xalqının firavanlığına həsr edib”.
Baş katib habelə kral Abdullahın “səxavətli humanitar yardımını və inkişafa dəstəyini” yada salıb.
BMT-nin Ərzaq Proqramının rəhbəri Ertharin Kousin isə Abdullahı “acları doyuran şəxs" kimi təqdim edir.
“Biz ən çətin vaxtlarda kralın səxavətinə güvənə bilirdik” - deyib Ertharin Kousin.
İnsan haqlarını diri kralla müzakirə edərlər…
Britaniya qəzetləri diqqəti belə bir maraqlı məqama çəkirlər ki, Səudiyyənin Londondakı səfirliyinin damında Səudiyyənin öz bayrağı endirilməyib.
Xəbər verilir kİ, Səudiyyədə kralların ölümü ilə bağlı bayraqların endirilməsi qaydası yoxdur.
Bayraqların endirilməsinə dəstək verən azsaylı müxalifət liderlərindən biri də getdikcə populyarlaşan UKİP partiyasının lideri Nigel Farage olub.
O deyib ki, bayrağın endirilməsi bir diplomatik protokol məsələsidir:
“İnsan haqları məsələsinə gəlincə isə bunu ölü kralla yox, diri kralla müzakirə etmək lazımdır”.
Mənbə:> Azadlıq Radiosu