Türkiyə Aİ ilə vizasız rejimin tətbiqini təkid edir
Avropa İttifaqının Türkiyə ilə oktyabrın sonuna qədər vizasız rejimi tətbiq etmədiyi üçün mühacir sazişinin həyata keçirilməsi təhlükə altında qalacaq.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə bildirib.
“Bizim Aİ ilə müqaviləmiz var. Müqavilədə oktyabrda Türkiyə ilə vizasız rejimin tətbiq ediləcəyi açıq şəkildə yazılıb. Ya hər iki tərəf bütün şərtləri yerinə yetirir, ya da biz bütün razılaşmaları bir kənara qoyuruq”, - Çavuşoğlu bəyan edib.
Nazirin sözlərinə görə, Türkiyə Aİ-yə daxil olmaq üçün mümkün olan hər şeyi edib, amma cavabında yalnız təhdid və təhqirlər eşidib. Bundan başqa o, Avropa KİV-ni Ankara qarşı “ikili mənəviyyatda” ittiham edib.
Ölkədə edam hökmünün tətbiqini şərh edərkən Çavuşoğlu qeyd edib ki, bunu türk xalqı qiyamı təşkil edənlərin cəzalandırılması üçün tələb edir.
Mənbə:> Oxu.Az