Metyu Brayza prezidentlərin görüşündən danışdı
“Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub. Çünki danışıqlar təkcə təmas xəttindəki gərginliyi azaltmayıb, həm də münaqişənin həllində siyasi məqamların müzakirəsinin başlanmasına gətirib çıxarıb”.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ekspert Metyu Brayza deyib.
Onun sözlərinə görə, müəyyən nəticələrin əldə olunmasını Sankt-Peterburqda prezidentlərin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı da təsdiq edir.
Münaqişənin həllində Rusiyanın rolunun güclənməsi məsələsini şərh edən M.Brayza əvvəllər həmişə Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə ciddi məşğul olmadığını düşündüyünü bildirib.
“Ancaq Bakıda keçirilən danışıqlardan sonra belə nəticəyə gəldim ki, Putin həqiqətən aprel böhranının çox ciddi olduğunun, böyük təhlükə daşıdığının və mümkün müharibənin Rusiya üçün faydalı olmadığının fərqinə varıb. Putin sülhməramlı rolu oynaya bilsə, bu, çox yaxşı olar”, - deyə M.Brayza bildirib.
Mətbuatda Qarabağ məsələsinin mərhələli həlli çərçivəsində Azərbaycanın beş işğal olunmuş rayonunun ilin sonuna qədər qaytarıla bilməsi barədə yayılmış məlumatı şərh eədn keçmiş həmsədr bildirib ki, bu, belə tez baş verə bilməz.
“Mən danışıqlarda iştirak etmirəm. Bəlkə də onlar bizim bilmədiyimiz müəyyən razılaşma əldə ediblər. Amma fikrimcə, proses uzun çəkəcək. Belə məsələlər bir neçə ay ərzində həll edilmir”, - deyə M.Brayza qeyd edib.
M.Brayza, həmçinin bəzi politoloqların və ekspertlərin Yerevanda polis binasının ələ keçirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin pozulmasına yönəldilməsinin mümkünlüyü barədə fikirlərini bölüşdüyünü vurğulayıb. Bu mənada o, bir neçə il əvvəl Ermənistan parlamentində törədilmiş terror aktını xatırladıb və həmin hadisənin danışıqlar prosesini yarımçıq qoyduğunu bildirib.
Mənbə:> Oxu.az