Saakaşvili: “İstanbul terrorçusunu Tiflis azad edib”
Atatürk Hava Limanında baş verən teraktın təşkilində əsas şübhəli olan çeçen əsilli Əhməd Çatayev həbs edilib, amma sonradan, 2012-ci ildə Gürcüstan tərəfindən azad olunub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb.
O, Çatayevin məhz onun hakimiyyəti dövründə həbs edildiyini bildirib:
“Ona qarşı Gürcüstanda general Georgi Lordkipanidzenin rəhbərliyi altında əməliyyat keçirilib və o, həbs edilib. Bu əməliyyat zamanı təhlükəsizlik qüvvələrindən üç nəfər həlak olub. 2012-ci ildə olan hakimiyyət dəyişikliyindən sonra Bidzina İvanişvilinin rəhbərlik etdiyi yeni Gürcüstan hökuməti Çatayevi azad etdi. Bəzi hökumət liderləri isə onu siyasi məhbus belə adlandırdılar”.
Qeyd edək ki, bir müddət öncə İstanbulda törədilən terakt zamanı 42 nəfər həlak olub, 239 nəfər yaralanıb. Terroru törədənlərdən biri - Əhməd Çatayev “Təkqol” ləqəbi ilə məşhurdur. O, “Qafqaz İmarəti” terror təşkilatının mərhum lideri Doku Umarovun müavini olub. Rusiya kəşfiyyatı bir müddət öncə Avropadakı terrorların törədilməsinə İŞİD-də məhz Çatayevin rəhbərlik etdiyi haqqında informasiya yayıb.
Mənbə:> Axar.az