İlham Əliyev siyasətdən getsə, Azərbaycan Suriyadan da pis günə düşə bilər” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Köşə

İlham Əliyev siyasətdən getsə, Azərbaycan Suriyadan da pis günə düşə bilər”

İlham Əliyev siyasətdən getsə, Azərbaycan Suriyadan da pis günə düşə bilər”


Çünki onun mövqeyi İsa Qəmbər-Arif Hacılı tandeminin mövqeyi ilə qətiyyən uzlaşmır…”

AzNews.info-nun məlumatına görə, İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənli Moderator.az-a açıqlamasında Müsavat başqanının müavini Tofiq Yaqublunun partiyadakı və Milli Şuradakı gələcək aqibətini şərh edərkən bütövlükdə müxalifətlə bağlı ilginc açıqlamalar verib:

“Tofiq Yaqublu nə istəyir? Birincisi, Müsavat Partiyası ilə AXCP arasında münasibətlər normal məcraya dönsün və bu partiyalar iqtidara qarşı vahid mövqedən çıxış etsinlər. İkincisi, Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) təşkilatı ilə Müsavat Partiyası arasında anlaşma və müvafiq olaraq yaxınlaşma baş versin.
Deyim ki, hər iki məsələdə Tofiq bəyi dəstəkləyirəm. Neçə ildir deyirəm ki, Müsavat və AXCP birləşməlidir. Bu iki partiya ayrı-ayrılıqda bu iqtidarı dəyişə bilməz. Heç birləşsələr də bunu edə bilməzlər. Amma birləşsələr ortada ciddi müxalifət partiyası olar, alternativ güc mərkəzi yaranar. İndi vəziyyət eldir ki, İlham Əliyev bu və ya digər səbəbdən siyasətdən getsə, Azərbaycan Suriyadan da pis günə düşə bilər. Yalnız Türkiyə Azərbaycandakı siyasi proseslərə kəskin şəkildə müdaxilə etməklə ölkəni xaosdan qurtara bilər…

Şübhəsiz ki, bu partiyaların rəhbərləri də çox gözəl bilirlər ki, bir yerdə olsalar gücləri birə-beş artar. Amma birləşə bilmirlər. Niyə? Çünki partiyaların rəhbərləri milli maraqlara çoxdan arxa çevirib. 1 il iqtidarda olanda bir-birinə o qədər yamanlıq ediblər ki, indi də o vaxtki nifrət hissindən sıyrıla bilmirlər. Yalnız öz karyeraları və eqoları haqqında düşünürlər. Ona görə də 23 ildir ki, ortada nəticə yoxdur və bu gedişlə də olmayacaq…
Tofiq bəy mövqeyi olan adamdır. Ona görə də Müsavat Partiyasının rəhbərliyi onu sevmir. Bəli, onun üzünə gülürlər. Amma daxilən onu qəbul etmirlər. Çünki onun mövqeyi İsa Qəmbər-Arif Hacılı tandeminin mövqeyi ilə qətiyyən uzlaşmır…
Məncə, Tofiq bəy Müsavat Partiyasında yad elementdir. Onun Milli Şurada olması isə partiya rəhbərliyi tərəfindən separatizm kimi dəyərləndirilir. Mən Milli Şuranı Rusiyanın proyekti hesab edirəm. Çünki bu işin özülündə Rusiya kəşfiyyatının əlində oyuncaq olan rusiyalı azərbaycanlı milyarderlər dayanır. Buna baxmayaraq, Tofiq bəyin Milli Şurada olmasına müsbət baxıram. Niyə? Çünki o, təpədən-dırnağa milli dövlətçiliyə bağlı adamdır. O, olan yerdə rus qafalılar istəsələr belə bir iş görə bilməz…
Tofiq bəy həbsdən çıxanda demişdim ki, o, AXCP-yə keçəcək. Əminəm ki, Müsavat Partiyasında küncə sıxışdırılan Tofiq bəyin sonda başqa seçimi qalmayacaq. Ancaq AXCP də bu yaxınlarda Tofiq bəyi məyus etdi. Bəlkə də başqan seçiləndən Arif Hacılı ilk dəfə ağıllı bir gedişə imza atdı. AXCP ilə yaxınlaşmağa çalışan Tofiq bəyə Müsavat adından rəsmi danışıqlar üçün mandat verdi. Və görüşlər başladı. İlkin mərhələdə hər şey əla idi. Ancaq bir müddət sonra AXCP-dən sərsəm bəyanatlar səslənməyə başladı. Guya AXCP rəhbərliyi ilə Tofiq bəyin görüşündə AXCP-Müsavat münasibətləri heç yerli-dibli müzakirə olunmayıb. Belə çıxdı ki, tərəflər bir araya gəlib bir-birinə anekdot danışıb, bir-birini o ki, var əyləndirib…
Əslində Tofiq bəy həmin müzakirələrlə bağlı xalqa məlumat verməli idi. Düşünürəm ki, o, belə bir qənaətə gəldi ki, hər hansı bir açıqlama versə, AXCP-Müsavat birliyi ilə bağlı irəli sürdüyü ideya tam iflasa uğrayacaq. O, hələ də hesab edir ki, bəlkə də daha münasib bir zamanda bu məsələyə qayıtmaq mümkün oldu…
Ümumiyyətlə, problem ondadır ki, Azərbaycan müxalifəti sayını, sanbalını, nüfuzunu itirə-itirə gedir. Tofiq bəy bəlkə də yeganə adamdır ki, müxalifəti bir araya gətirməklə bu biabırçılığa son qoymaq istəyir. Ancaq ona nə AXCP-dən, nə də Müsavatdan ciddi dəstək verən yoxdur. Müxalifətin iş görmə əmsalı ilə bağlı bir faktı deyim. Elə o fakt da Tofiq bəylə bağlıdır.
Ötən il Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Mən həmin vaxt Bakıda idim və dəfndə iştirak etdim. Deyim ki, qəbiristanlığın ünvanı ilə bağlı insanlara yanlış məlumat verilmişdi. Ona görə də dəfnə gələnlərin bir hissəsi yolda girinc vəziyyətdə qalmışdı. İnsanlar başqa qəbiristanlıqları hərlənin-fırlanıb gərəkən ünvanı mənim kimi zorla tapırdı. İnsanlar hara gedəcəklərini bilmirdilər. Qəbiristanlıqda bu məsələdən qaynaqlanan maraqlı bir hadisə baş verdi. Gənc bir müsavatçı yüksək səslə, az qala bağıra-bağıra müxalifətdən gileylənirdi. Deyirdi ki, biz bacarmırıq. Adi bir dəfn mərasimin də adam kimi təşkil edə bilmirik. Bu işi YAP-a tapşırsaydılar hər şey öz axarı ilə gedəcəkdi. Amma biz iş görə bilmirik. Elə belə bacarıqsız olduğumuza görədir ki, iqtidara gələ bilmirik…
Qeyd edim ki, Tofiq bəy həbsdə olduğuna görə bu işi ayarlaya bilməzdi. O boyda partiya da dəfn mərasiminin təşkilinə belə məsuliyyətsiz yanaşma sərgiləmişdi…
Sözümün canı odur ki, ortada müxalifət adına olanların əksəriyyəti çığır-bağır salmaqdan başqa bir işə yaramır. İş görmə əmsalları çox aşağıdır. Və Tofiq bəy belə bir kontingenti bir araya gətirmək istəyir. Onlar da deyirlər ki, yox ki, yox. Biz ölərik, ancaq birləşmərik….
Ona görə də əminliklə deyə bilərəm ki, Tofiq bəyi irəlidə yalnız və yalnız məyusluq gözləyir. Zatən xalqı məyus edən müxalifət onu sevindirə bilməz ki…”

Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *