Parlament “2015-ci il dövlət büdcəsinin icrası haqqında” layihəsini qəbul etdi » AzNews.info -Xəbər portalı

Parlament “2015-ci il dövlət büdcəsinin icrası haqqında” layihəsini qəbul etdi – YENİLƏNİB

Parlament “2015-ci il dövlət büdcəsinin icrası haqqında” layihəsini qəbul etdi


“Azərenerji” ASC-nin borcu 1 milyard manata yaxınlaşır və bu, artıq düşündürücü rəqəmdir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında “2015-ci il dövlət büdcəsinin icrası haqqında” layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.

Millət vəkili əlavə edib ki, SOCAR Gürcüstanın yaşayış məntəqələrini aktiv şəkildə qazla təchiz etsə də, Azərbaycanın bəzi kəndləri hələ də qazsızdır:

“Elə kəndlərimiz var ki, 90% qazlaşdırılıb, işlər yarımçıq saxlanılıb. Bu işləri yarımçıq saxlamaq olmaz”.

Deputat son vaxtlar artan oğurluq hallarına da toxunub və bununla bağlı həmkarlarına xəbərdarlıq edib:

“Maliyyə naziri Samir Şərifov devalvasiya baş verən zaman ictimaiyyətə müraciət etdi və dedi ki, pullar evdə saxlanılmasın, əks halda oğurlanacaq. Elə də oldu. Son günlər sosialyönümlü oğruların sayı artıb. Oğrular az qala parlament üzvlərinin də evinə girir. Ehtiyatlı olun!”.

Büdcə vəsaitlərinin mənimsənilməsinə toxunan Z.Oruc qeyd edib ki, bu istiqamətdə mübarizəyə kompleks yanaşmaq lazımdır: “İdarəetmədə və strukturda dəyişikliklər olmalıdır. Bizim Satınalmalar üzrə Dövlət Agentliyi adlanan qurumumuz var. Onun harada yerləşdiyini bilən varmı?!”

Digər millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, informasiya müharibəsi dövlət üçün də önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.

Deputat Qənirə Paşayeva isə bildirib ki, turistik sahəyə daha çox diqqət ayrılmalıdır:

“Mövcud iqtisadi durumda ölkəyə turist axınına töhfə verilməlidir. Xüsusilə, qardaş Türkiyədən gələnlər üçün hava limanında sadələşdirilmiş viza qaydaları tətbiq etsək daha yaxşı olar”.

Deputat həmçinin deyib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu iyunun 2-də Almaniya Bundestaqında uydurma “erməni soyqırımı” məsələsinin səsverməyə çıxarılması ilə bağlı alman həmkarlarına müraciət etməlidir. Onun sözlərinə görə, verilən açıqlamalar onu deməyə əsas verir ki, Bundestaqda bu məsələ ilə bağlı hansısa ciddi addımların atılması gözlənilir:

“Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri alman həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırsın.

Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Ona görə, belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır”.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

13:31

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında” sənəd müzakirəyə çıxarılıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib.

O qeyd edib ki, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir:

“Ötən ildə büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib.

Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib.

Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək. Yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək.

Dövlət büdcəsinin kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb. Bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycan büdcə sistemi artıq oturuşub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 mln. manat proqnoza qarşı 90% icra olunaraq 17 498 mln. manat olub.

Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 130 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 mln. manatı Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448 mln. manatı sair daxilolmalar hesabına formalaşıb).

2015-ci il dövlət büdcəsinin xərcləri 21 100 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3% icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib.

Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 763,1 mln. manatı və ya 54,9%-i cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4% az), 7 316,9 mln. manatı və ya 41,1%-i əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2% az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib.

2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub.

Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib”.

Daha sonra Hesablama Palatasının rəyi dinlənilib. Hazırda müzakirələr davam edir.

Mənbə: APA / Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *