Erməni yalanı üzə çıxdı
Ermənistan KİV Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin fikirlərini təhrif edib.
ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, XİN Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Uruqvay Şərq Respublikasının rəsmisinin Ermənistanda söylədiyi fikirlərinin dəqiqləşdirilməsi barəsində şərh verib.
O bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “azbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin 8 dekabr tarixində Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında "Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?" sualına cavab olaraq Danilo Astori tərəfindən "Mənim ölkəm bu istiqamətdə işləyir", deməsi kimi məlumatlar yayılıb:
"Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.
Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilmişdir ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırıllıb".
XİN rəsmisi bildirib ki, Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib.
Mənbə:> ANSPRESS