Polkovnik Həsənov erməni artilleriyasının gülünc uğurlarından danışdı
Erməni polkovniki Q.Baqdasaryanın erməni artilleriyasının uğurlarına dair gülünc və cəfəngiyyat dolu bəyanatına, artilleriyaçı, ehtiyatda olan polkovnik Adil Həsənov cavab verib.
Oxu.Az xəbər verir ki, polkovnikin sözlərinə görə, müasir mərhələdə Azərbaycan Silahlı Qüvvələrində artilleriya, müasir ümumqoşun döyüşünün başlıca tərkib hissəsi və düşmənin məhv edilməsi üçün əsas atəş vasitəsidır.
Erməni tərəfi atəşkəsi pozduqdan sonra Azərbaycan SQ artilleriyası ilk günlərdə düşmən üzərində üstünlük əldə edərək atəş mövqelərində artilleriya və minaatan batareyalarının, birinci eşalon batalyonunun, canlı qüvvənin və erməni silahlı qüvvələrinin atəş vasitələrinin məhv edilməsinə dair əsas tapşırığını yerinə yetirib. Bu zaman düşmənə gözünü açmağa və əlavə qüvvə cəlb etməyə imkan verməyən Azərbaycan Silahlı Qüvvələri müdafiəni təmin etmək, düşmənin mühüm hərbi infrastrukurlarına və yanaşma yollarına nəzarət etmək imkanı yaradan strateji yüksəklikləri tutan motoatıcı bölmələrinin hücumunu təmin edib.
Cavab zərbələrinin endirilməsi əməliyyatında Azərbaycan SQ heç bir itki verməyib, bununla yanaşı döyüş qabiliyyətini də tamamən qoruyub saxlayıb.
Aprelin əvvəlində uğursuz peşəkar fəaliyyətini reabilitasiya etmək üçün qondarma “DQR müdafiə ordusunun” artilleriya rəisi Q.Baqdasaryan mətbuatda cəfəngiyyat və yalan dolu məlumatla çıxış edib. Hücum edən Azərbaycan bölüklərinin və ikinci eşalonların guya kı məğlub edilməsi haqqında məlumatlar, yalnız Q.Baqdasaryan kimi polkovnikin dilinə gətirəcəyi gülünc sayıqlamadır.
Ermənistan SQ böyük və ciddi itkilər verib, onların arasında erməni ordusunun artilleriya diviziyasının rəisi və çoxsaylı zabitlər də olub.
Erməni ordusunun artilleriyasının birinci müharibədə olduğu kimi, ikinci müharibədə rolu dəyişməyib. Onlar şəhərlərə, yaşayış məntəqələrinə, məktəblərə, xəstəxanalara və digər yaşayış bina və obyektlərinə artilleriya zərbələri endiriblər. Artilleriya hərbi obyektlərə zərbə vurmaq üçün tətbiq edildiyi halda belə, gözlənilən nəticə əldə edilmirdi, bu isə öz növbəsində erməni ordusunun artilleriyasının peşəkarlığının aşağı səviyyədə olmasını sübut edir.
Qeyd etmək laızmdır ki, erməni artilleriyası, əgər səmimi söyləsək, nifrətə layiqdir. Elədikləri yalnız dinc sakinləri atəşə tutmaq, cəbhə boyu yerləşən evləri və məktəbləri dağıtmaqdan, səs-küy salmaqdan ibarət oldu, nəticədə isə qanunsuz məskunlaşan ermənilər Ağdərə, Madagiz, Talış və digər yaşayış məntəqələrini tərk edərək qaçdı.
Baqdasaryanın təriflədiyi artilleriyanın səviyyəsi və texniki vəziyyətini bütün cəbhə boyu partlamayan köhnəlmiş mərmilər əks etdirdi.
Polkovnik Baqdasaryan, əgər özünü artilleriyaçı hesab edirsə, anlamalıdır ki, artilleriyanın təyinatı mülki yox, hərbi obyektlərə atəş açmaqdır. Azərbaycan ordusunun artilleriyaçı zabitlərinin peşəkar hazırlıq səviyyə və keyfiyyətinə çatmaq üçün isə ona asudə vaxtlarında təcili şəkildə, heç olmasa KİV xronologiyası üzrə Azərbaycan SQ artilleriyanın tətbiqi taktikasını öyrənməsini tövsiyə etmək olar.
Mənbə:> Oxu.Az