Şəhidimiz dəfn olundu
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Tahirli Natiq Namiq oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn olunub.
7 ay əvvəl Bakının Nizami Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı N.Tahirli Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub. Düşmən onu snayperlə başından vurub.
Məlumata görə, N.Tahirli aprel döyüşlərində də qəhrəmanlıq göstəribi və buna görə tərifnamə alıb.
Şəhidin dəfn mərasimində bildirilib ki, Natiq həmişə hərbçi olmaq arzusu ilə yaşayıb, hətta hərbi xidməti başa vurduqdan sonra da xidmətini orduda davam etdirmək istəyib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, deputatlar, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.
Mənbə:> Report.az