Polkovnik: “Cavanlardan ətir yox, barıt, səngər iyi gəlməlidir” – FOTO
Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbaninin “Qafqazinfo”ya müsahibəsi:
- Siz şəhidlərin vida, medalların təqdim edilmə mərasimində mütəmadi olaraq iştirak edirsiniz. Biz sizi həmişə gülərüz insan kimi xatırlayırıq. Dəfn mərasimləri də hüznlü keçir. Maraqlıdır ki, həmin kədərli anlarda necə gülərüz dayana bilirsiniz?
- Gülərüz deyəndə ki, burada bir xatirəni paylaşım, o cür cavab verim sizə. Mən Respublika Xalq Yaradıcılığı Evində işləyirdim. Bir gün gördüm ki, Hüseyn Arif saz çalır. Mizrabı vurur telə, astadan zümzümə edir. Deyirəm ki, ay Hüseyn müəllim , axı səsinizi, çalğınızı eşitmirəm. Mənə dedi ki, sazı içində dilləndirir. İndi, düzdür xanım, həddindən artıq çətindir, amma şərəflidir. Bax əvvəllər görürdünüz ki, hansısa bir əsgər şəhid olanda söz-söhbət olurdu. Hətta bəzən hərbçilər həlak olan əsgərin, zabitin nəşini evinə aparmaqda çətinlik çəkirdilər. Mən də bu halın dəfələrlə şahidi olmuşam.
Xatırladım ki, mən hələ 90- ci ilin əvvəllərində mədəniyyət sahəsində işlədiyim dövrlərdə Şərur Mədəniyyət Şöbəsi müharibə qayda-qanunları ilə işləyirdi. Əsgərlərə mədəni xidmət göstərməklə yanaşı, şəhidlərin qarşılanması, yola salınmasına böyük izdihamla rəhbərlik edirdik. Amma son vaxtlar elə bir vəziyyət yaranıb ki, artıq şəhidlər alqışlarla son mənzilə yola salınır. Dəfn sözü işlədilmir, “şəhid son mənzilə uğurlandı”, “Vətən torpağına əmanət edildi” deyilir. Şəhid ataları, anaları, hətta azyaşlı uşaqlar da “Vətən sağ olsun” deyir.
- Dəfn mərasimlərində şahidi olduqlarınız hadisələr barədə nə deyə bilərsiniz?
- Sizə kapitan Savalanov Nəcməddinin dəfn mərasimindən danışım. Onun körpə uşaqları təkcə mənə yox, bütün iştirakçılara qan ağlatdı. Cənazə evdən çıxarıldı, mərasimə gətirildi, postamentin üzərinə qoyulanda hamı alqışladı. Bu zaman şəhidin 6 yaşlı Nuray adlı qızı dedi ki, əmi, atam növbədən gəlib, yatıb, denən ki, sakit olsunlar. 1 yaş ondan böyük Leyla adlı bacısı isə dedi ki, atası döyüşdədir, gedib erməniləri öldürməyə, sabah gələcək, bizi də ora aparacaq, qardaşıma da tapança almışıq, o da erməniləri öldürəcək. Bu sözlər bizi göz yaşına qərq eləsə də, uşaqların düşüncələri qəlbimizi riqqətə gətirdi.
Mitinq gedir, icra başçısı, millət vəkili çıxış edir, Leyla atasının öyrətdiyi şeiri oxumaq istəyir. Atasının nəşi üzərində “Azərbaycan” şeirini söyləyir. İkinci qız da “Bayraq” şeirini oxuyur. Hərbi ənənəyə uyğun olaraq tabutun üzərinə sərilən bayraq xatirə saxlanılması üçün şəhidin ailəsinə təhvil verilir. Birinci dəfə idi ki, bu hala rast gəlirdim. Şəhidin qardaşı Elməddinə bayrağı təhvil verəndə o bunu qəbul etmədi. Dedi ki, icazənizlə bayrağı qardaşımın silahdaşlarına təqdim edim, onu evdə saxlamaqdansa, Xankəndində, Şuşada dalğalanmasını arzu edirəm.
Nəcməddin sağlığında “İgidliyə görə” medalı almışdı. Getdim hospitala yanına, reanimasiyada yatırdı. Həkimlər onun sağalması üçün hər şey edirdilər. Dedim ki, sənin medalını hospitalda təqdim etmək istəyirəm. Soruşdu medalın adını, dedim “İgidliyə görə” medalıdır. Dedi ki, sən mənlə zarafat edirsən, “İgidliyə görə” medalı igidə xəstə yatağında, özü də reanimasiya otağında verərlər? Həkimlər deyir ki, beş-on günə ayağa qalxacam. İmişli rayonundan Dədəkişiyev ləqəbli baş leytenantımız var idi. Onun medalını ailəsinə təqdim edəndə mən də gələrəm ora, orada verərsiniz mənə də. Deyərəm ki, Dədəkişiyev onsuz da öz qısasını alıb, mən də burdan birbaşa gedirəm səngərə, qisas almağa. Elə oldu ki, Savalanov 36 gün yaşadı, onun tabutu önündə Dədəkişiyevin medalını ailəsinə təqdim etdik.
- Deyirlər ki, Lələtəpə zirvəsində dalğalanan bayrağın maraqlı tarixçəsi var...
- Bəli. O bayrağın tarixçəsini çoxları bilmir. Ötən ilin yayında paralimpiya çempionu İlham Zəkiyevi Füzuli bölgəsinə şəxsi heyətlə görüşə apardım. İlham Zəkiyev gözlərinin nurunu Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində kəşfiyyat zamanı itirib. Bundan sonra bu əsgər özündə güc toplayıb dəfələrlə dünya, Avropa çempionatlarında iştirak edərək çempion olub. Təsəvvür edin ki, ilk Avropa Oyunlarında qələbəsi də 26 iyun tarixinə təsadüf edib. Mükafatlandırma mərasimində o cənab prezidentin qulağına pıçıldayır ki, “əsgər Zəkiyev artıq döyüş tapşırığını yerinə yetirdi”. İlhamın şərəfinə qaldırılan həmin bayrağı o da vaxtilə xidmət etdiyi hərbi hissəyə aparmışdı. O, əsgərlərə onun gözlərinin nurunu aparan güllə gələn istiqamətə doğru irəliləməyi arzu etmişdi. Bayraq dalğanan gün ilk mənə zəng edən İlham Zəkiyev oldu. Çünki mən döyüşlər zamanı sona kimi orada idim.
Bu yaxınlarda Qusarda şəhid Xeyirbəyovun təltif edilmə mərasimi keçirilirdi, tədbirə həm də sağ qalan qusarlılar da gəlmişdi. Tədbirin adı “Ön səngərdən əsgər gəlib” idi. İlham da xəbər tutub ora gəlmişdi. İlham çıxışında əsgərlərə dediyi sözü xatırlatdı. “Mən demişdim ki, Silahlı Qüvvələr gününə qədər torpaqlar azad olunsun, bayraq dalğalansın, mən təkcə Lələtəpəni deməmişdim, indi Lələtəpədən bayrağı götürüb Şuşaya, Cəbrayıla doğru irəliləmək lazımdır”.
- Qeyd edirsiniz ki, döyüş əməliyyatlarında sona kimi ön cəbhədə olmusunuz. O günlərin canlı şahidi kimi, bir də baş verənləri sizin dilinizdən dinləmək maraqlı olardı...
- Mart ayının əvvəlində biz Xocavənd rayonunda eyniadlı qəsəbənin açılışında iştirak etdik. Tədbirin adı “Qarabağa yaz gələcək” idi. Həmin ayın 16- da prezidentimiz xidməti başa vuranların tərxis olunması və çağırış yaşına çatanların orduya çağırılması ilə bağlı fərman da vermişdi. Biz həmin günlərdə soyqırım gününü də qeyd edirdik. Düşmənə nifrət hissi, döyüş ruhunu yüksəltməyə çalışırdıq. Füzuli teatrı Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında iki hissəli tamaşa hazırlamışdı. Tamaşaya baxandan sonra əsgərlər artıq qan-qan deyirdilər. Əsgərlərin döyüş ruhu yüksək idi. Ermənilər silahlı basqın etdilər, hətta dövlət sərhədlərini keçməyə cəhd etdilər. Bu anda Azərbaycan əsgərində görünməyən möcüzə ilə qarşılaşdıq. Bir nəfər qorxaq, geri çəkilən olmadı. Hamı gülə-gülə döyüşə gedirdi .
İki nəfər Xocalıdan olan əkiz qardaşlar var idi. Komandir dedi ki, ikinizdən biriniz döyüşə gedəcəksiniz. Balaca qardaş dedi ki, o getsin, çünki böyük qardaş ata olacaq. Böyüksə razı olmadı ki, onun döyüş təcrübəsi daha çoxdur və özü getsin. Axırda komandir dedi ki, heç biriniz getməyəcəksiniz. Təsəvvür edin ki, ikisi də uşaq kimi ağladılar. Bir gündə doğulmuşuq, bir gündə əsgərliyə gəlmişik, indi bir gündə niyə qoymursan ki bizi döyüşək? O əkiz qardaşlardan biri şəhid oldu. Cibindən də maraqlı bir məktub çıxmışdı.
- Məktubda nə yazılmışdı?
- “Gözəl qız, mən səni çox sevirəm. Həyatda səndən də gözəl qızlar var. Amma tək səni sevirəm. Həyatda səndən də ağıllı qızlar var, amma təkcə səni sevirəm. Mən əsgərəm, sabah nə olacaq bilmirəm. Əgər şəhid olsam, sən ürək dolusu köks ötürüb bircə dəfə desən ki, mən də səni çox sevirdim, onda ruhum da şad olacaq, Gülçinim”. Çox qəribədir ki, balaca qardaş öldü.
Cəbrayıl rayonundan olan Qəhrəmanov Ruhin şəhid olub, artıq onu son mənzilə yola salırıq, birdən mənə dedilər ki, qardaşı da həmin zirvədədir. Çox axtardıq, tapdıq. Məlum oldu ki, qardaşın Ruhinin şəhid olmasından xəbəri yoxdur. Dəfndən sonra yenidən ön səngərə qayıtdı. Şəhid olan qardaş ölümündən sonra, sağ qardaş isə sağlığında “İgidliyə görə” medalı ilə təltif edildi.
Göygöl rayonundan Orxan adlı şəhid var idi. O ailənin yeganə oğlu idi. Onu döyüşə buraxmaq mümkün deyildi. Uşaq kimi ağlaya-ağlaya döyüşə getdi, şəhid oldu. Ona da ölümündən sonra medal təqdim edildi. Anası dedi ki, əriylə bərabər oğlunun qisası almaq üçün əmr gözləyir.
- Bayaqdan şəhid olmuş əsgərlərimizlə bağlı müxtəlif xatirələr danışırsınız. Bəs, bütün bunları kitab halına salmaq fikriniz yoxdumu?
- Mən 141 kitabın müəllifiyəm. 18 il mədəniyyət sistemində rəhbər vəzifələrdə işləmişəm. Amma döyüşlər başlayandan səngərlərdəyəm. Murovda əsgər kimi başladım, indi polkovnikəm. “Murovun qəm karvanı”, “Ana Murovdan gəlirəm”, “ Vətən bizə arxalanır”, “Meşəli od içində” , “Şəhidlər danışır” , “Qar bəbirləri” və. s adlı çoxlu kitablar yazmışam. Bizim məkrli düşmənlərimiz olmayan tarixlərini yazırlar. 2-5 aprel arası baş verən döyüş əməliyyatlarında oğullarımızın qəhrəmanlığını gördünüz. Bir neçə məqaləni istisna etsək, daha çox yazılara ehtiyacımız var idi. Mayor Rasim Məmmədovun atası Əbdül Məmmədov mənim gözümün qabağında 1992- ci ildə Naxçıvanda Sədərək döyüşlərində yaralanmışdı. Mən qazi ataya, şəhid oğla yazılan şeiri oxudum. O qədər təsirli idi ki, itkini unutdurdu. Mən istəyirəm ki, televiziyamızdan, mətbuatımızdan da bu gün dedi-qoduları yığışdırsınlar, barıt qoxusunu gəlsin. “Lələtəpə fatehləri” , “Bayraqtəpə qartalları “ adlı iki şeir yazmışam. Bu yaxınlarda Gəncədə tədbirlərin birində həmin mahnılar ifa edəndə tədbirdə hamı ayaq üstdə idi.
Bayraqtəpə qartalları
Qıy vırın siz dəstə-dəstə
Sıralanın qatar-qatar
Şığıyın düşmən üstə
Xan qızının gözü yolda
Xarı bülbül nigarandır
Səbr elədik, yetər artıq
Qana qandır, qana qandır.
Bu gün səngərlərdə bu kimi mahnılara ehtiyac var. Döyüşə o mahnıların sədaları altında gedəcəyik.
- Siz sürətli kitab yazansınız. Səhv etmirəmsə, Heydər Əliyevin ölümündən bir-iki gün keçəndən sonra kitab yazmısız. O aspektdən yanaşdıqda, döyüşlərin üstündən bir aydan artıq vaxt keçib. Yəqin kitabınız tamamlanmaq üzrədir...
- Mənim üçün həm fiziki, həm də zehni cəhətdən çox çətindir. Bir gündə elə olur ki mən üç rayonda, on səngərdə oluram. Amma gələn ayın ordu gününə qədər bu hadisələrə aparan yol , döyüşlərin gedişatı, qaziləri, şəhidləri, Azərbaycan və dünya ictimaiyyətin rəyi, azad olunmuş təpələrə dünyadan baxış, ermənilərin bu hadisələrdən sonrakı vəziyyətindən bəhs edən hadisələr həmin kitabda öz əksini tapacaq. Kitabın adı “ Dördgünlük savaş-ruhumuzun qələbəsi” olacaq. Bu yalnız ruhun qələbəsi idi. İnanın ki, torpaqlar da qayıdacaq, həsrətə son qoyulacaq. Yalnız ruh lazımdır. Ruh yoxsa, neynirəm tankı? Doğrudan da, ən müasir silah, texnika həvalə olunan döyüşçünün ruhu yoxdursa, nəyin uğrunda vuruşduğunu bilmirsə, xalqının taleyinə biganədirsə, heç bir qələbədən danışmağa dəyməz. Dördgünlük savaşda da ruhumuz qələbə çaldı. Çünki oyanışına ehtiyac var idi. Bu günlərdə elə valideynlər gördüm ki, qısqanırdılar ki, niyə onların oğulları şəhid olmayıb. Bu ruh qələbə çaldısa, o bizi Şuşaya da aparacaq.
Bir texnika minaya düşmüşdü. İki nəfərimiz beyin silkələnməsi almışdı. Onları mən çıxardıb hospitala apardım. Yol boyu tələb edirdilər ki, texnika versinlər, döyüşə qayıtsınlar. Seymur Həbibullayev var. Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik leytenant idi. Təsəvvür edin ki, bu adam neçə qəlpə alıb, bunu döyüşdən çıxarmaq mümkün deyil. Axırda dedim ki, ürəyim ağrıyır, bilirsən ürəyim xəstədir, səni yanımda aparıram, hospitala, mənə kömək eləməlisən. Zorla hospitala gətirmişəm. Qəlpələrini çıxardıblar, bir-ikisi qalıb. Yenə də əl çəkmir, məcbur olub onunla geri qayıtmışam. O da “İgidliyə görə” medalı ilə təltif olundu. Bu ruhu öldürməyə dəyməz. Hamı öz vəzifəsində əsgər olmalıdır.
Mən bu günlərdə ordu bostanımıza söz atmağı düşmən dəyirmanına su tökmək kimi qiymətləndirirəm. Hər evin səhvi də, düzü də var. Torpağımız işğal altındadırsa, necə yata, rahatlıq tapa bilərik? Necə olur, əyləncəli salonlarda cavanlarımız keyf çəkirlər? Bu gün cavanlarımızdan dünyanın məşhur brend markalarının ətirlərinin iyi yox, barıt, səngər qoxusu gəlməlidir.
Bu yaxınlarda Salyanda bir tankçını mükafatlandıran zaman onu qucaqlayanlar dedilər ki, həmin tankçıdan kişilik, barıt qoxusu gəlir. Mən istəyirəm ki, bu ölkənin hər bucağından, hər fərdindən səngər qoxusu gəlsin.
- Vaxt imkanlarınız məhduddur. Bayaqdan görürəm ki, nə qədər zəng gəlir sizə, səngərə çağırırlar. Bəs şeirlərinizi necə vaxt tapıb yazırsınız?
- Elə yollarda, həmin anlarda yazıram. Mənim kitablarıma ön söz yazanlar deyirlər ki, sanki Abdulla Qurbaninin şeirləri tüfəngin qundağında yazılır. Şeir, söz silahdan da güclüdür. Azərbaycan əsgərindən daha iradəli, daha cəsuru yoxdur. Əsgərə məhəbbət göstərmək lazımdır. Bizə 1941-45 müharibəsindən danışırdılar. Deyirdilər ki, kimsə özünü qabağına verdi, komandirini qurtardı. Amma aprel döyüşlərində komandir əsgərini xilas etdi. Çünki təcrübəli, döyüşkən idi. Ona görə də bizim şəhidlərimizin sırasında zabitlər də var idi.
- Elə ona görə də deyirdilər ki, bu döyüşlərdə zabitlərimiz daha çox həlak olub...
- Bəli, zabitlərimiz daha qabaqda idilər.
- Bəs, bu qədər gərginliyə, hüznə necə dözə bilirsiniz. Ürəyiniz də xəstədir...
- İnfarkt keçirmişəm. Açıq əməliyyat olmalıyam. İki klapan artıq kənardadır. Aeorta genişlənib. Mən zarafatla deyirəm ki, ürəyim genişdir. Amma torpaqlarımız işğal altında olduğu müddətdə mən ömrü boyu cərrah bıçağı altına yıxılmaram. Mənə ön cəbhədə ehtiyac var.
- Siz şəhid ailələri ilə mükafatlandırma mərasimlərində görüşürsünüz. Onlarla ünsiyyətiniz tək həmin mərasimlərlə bitir, yoxsa siz sonradan nazirliklə həmin ailələr arasında vasitəçi olursunuz?
- Hər şəhid mərasimindən sonra mənim dostlarımın, qohumlarımın arenası genişlənir. Bir ay bundan qabaq biz Neftçala şəhərində mayor Samit İmanovu son mənzilə yola saldıq. Samitin valideynləri məndən əl çəkmirdilər. Biz istəyirik ki, onun sinə daşında sənin ürək sözlərin olsun. Bu günlərdə müdafiə naziri onun oğluna “Qızıl ulduz” medalını təqdim etdi. Bir neçə gündən sonra isə o qızıl ulduzlu qəhrəmanın anım mərasimini keçirəcəyik. Onun baş daşına mənim ürək sözlərim və beş bənd də şeirim yazılıb. Məni xeyirlərinə, şərlərinə dəvət edirlər. Zəng edib muştuluq alırlar ki, şəhid filankəsin oğlunun toyudur. Siz o balaca olanda istəmişdiniz ki, toyunda iştirak edəsiniz.
- Əsgərlər ruhlanmaq üçün sizdən hansı şeirinizi onlara oxumağınızı istəyirlər?
- Murovdan neçə illərdir ki ayrılmışam, amma hər il gedirəm. Əsgərlər, mənim “Ana, Murovdan gəlirəm” şeirimi əzbər bilirlər. Amma “Çağırış”ı çox istəyirlər. İndi mənə əsgərlər şeir deməyə imkan vermirlər, özləri deyirlər. Mənə bircə orda onlara şeir demək qalır. Həmin gün deməsəm də, bir gün dağı-daşı fırlanıb qayıdıb mütləq deyirəm. Ağzımı açmağa imkan vermirlər. Ən çox zabitlərin istədiyi “ Qızım məktəbə gedir” şeiridir.
Bağışla, can-ciyərim,
Bağışla körpə quzum,
Səni yola sala bilmədim, məktəbə qızım
Birinciyə gedirsən, qədəmlərin mübarək...
- Siz də yəqin qarşılaşdınız ki, son hadisələr fonunda bir sıra məmurları, hərbçiləri ittiham etdilər ki, niyə onların övladları ön cəbhəyə xidmətə getmir. Sizin bununla bağlı fikirləriniz necədir?
- Əvvəla, kiməsə məmur, kiməsə varlı, kiməsə kasıb deyirlər. Vallah, cəbhədə bütün kateqoriyalardan var idi. Heç buna ehtiyac yoxdur. Vətəni qorumağın varlısı, karlısı, vəzifəlisi, vəzifəsizi olar? Kişilər ön səngərdə idi. Kişilərin övladları ön səngərdə idi. Vətənprəvlərlərin övladları ön səngərdə idi. O birilər harda idi, harda deyildi, o bizlik deyildi.
- Sizin oğlunuz hərbi xidmət keçib?
- Mənim oğlum əsgərliyini Naxçıvanda başa vurub. Oğlum da, qızım da bu gün paqon daşıyır. Hərçənd ki onların yolu tamamilə başqadır. Polis orqanlarında xidmət edirlər. Oğlum 7 yaşına qədər mənimlə Murovda olub. Hər dəfə meyvə alıb gətirirdim, o da yoxa çıxırdı. Deyirdi ki, meyvələri arıq əsgərlərə verib. Polisin də xidməti də az deyil. Ailəm məni döyüşə ruhlandırır, onlarla nəfəs alıram. 3 yaşında Kamran adlı nəvəm bağçaya hər gün hərbi paltarla gedir. Yoldan keçənə deyir ki, sən niyə hərbi paltar geyinmirsən, mənim babam döyüşdədir, ona bir şey olsa, mən gedəcəm onun əvəzinə. Uşaqlarım özləri oxuyublar. Həmişə də məndən inciyirlər ki, ata niyə bizi tapşırmadın?
- Biz həm də döyüşərək general rütbəsi almış döyüşçülər gördük. Hamı onlardan ağız dolusu danışırdı. Döyüşməyərək general rütbəsi alan çoxsaylı generallarımız da var, onlara münasibət birmənalı deyil...
- Söhbət o deyil ki, general rütbəsini hökmən döyüşüb almalısan. Bu, düz deyil. Onda gərək bütün general vəzifələri vakant qala. Amma , bəli, bu böyük şərəfdir ki, bizim zabitlərimizə, ön cəbhədə döyüşənlərə general rütbəsi verildi. O biri generallar da istəyərdilər ki, rütbəni döyüşdə qazanıb alsınlar. Hələ döyüşlərimiz qabaqdadır. Yəqin döyüş generallarımızın da sayı çoxalacaq.
- Şairlər onlara verilən suallara elə şeirlə cavab verməyə üstünlük verirlər. Siz də müsahibə zamanı çoxlu şeirlər dediniz. Şeir vurğunu olan bir şair kimi, maraqlıdır ki, siz, ən çox kimin şeirlərini oxuyursunuz? Məsələn, gənclər Ramiz Rövşəni bəyənirlər, siz necə?
- Bəli, mən də Ramiz Rövşəni oxuyuram, Seyran Səxavətin yazıları həmişə mənim üçün maraqlıdır. Gənclər də yetişirlər. Mən daha çox gənclərimizdən barıt qoxulu şeirlər yazmalarını istəyirəm. 1975- ci ildə Ramiz Rövşən “Qapı” poemasını yazmışdı. Poemada müharibədə iki ayağını itirmiş obrazdan bəhs edilirdi. Həmin poema bu gün də aktualdır. Bəzən deyirlər ki, müharibə dövründə yazılıb, ataq qırağa. Xeyr . Sovet dövründə də gözəl şairlərimiz olub, indi də var.
- Adətən hər hansı sahədə nazir dəyişəndən sonra bir sıra kadr islahatları aparılır. Kimsə daha yüksək vəzifəyə gətirilir, kimsə sistemdən xaric edilir. Sizsə neçə illərdir ki eyni vəzifədəsiniz. Gözləntiniz yoxdurmu?
- Mən üç nazirlə işləmişəm. Mənim üçün fərqi olmayıb. Həmişə öz vəzifə borcumu yerinə yetirmişəm. Düzdür, maneələr də olub. O vaxt mən problemlərlə qarşılaşanda daxili qoşunların komandanı olan indiki nazirimiz bizə dəstək olub.
- Eks-nazir Səfər Əbiyevlə indiki nazir Zakir Həsənovun iş fəaliyyətləri arasında nə kimi fərqlilik var?
- Nazir Zakir Həsənov ordunu tamamilə peşəkar kadrlarla komplektləşdirir. Hər kəsə işinə, xidmətinə görə qiymət verir. Nazirin bir ayağı ön cəbhədə olmalıdır. Zakir Həsənovun şəxsi heyətlə ünsiyyəti, dialoqu yüksək səviyyədədir. Bilirsiniz , bu, böyük şərtdir. Müdafiə naziri hərbi hissəyə gedəndə hər bir şəxs ona öz dərdini deyə bilir. Onu özünə doğma adam kimi qəbul eləyə bilir. Bu o demək deyil ki, müdafiə naziri tabeçiliyində olanlardan təcrid olunsun. Bu səmimiyyətdir, doğmalıqdır. İkincisi də , general polkovnik Zakir Həsənov milli ruhlu insandır. O gün danışığımda dedi ki, niyə biz hərbi sərkərdələrimziin böyük təbliğat kampaniyasını keçirtməyək. Niyə hər bir əsgər Babəki, Cavanşiri, Uzun Həsəni, Cavad xanı tanımasın? Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyur. İl yarım ərzində 7-8 dəfə müdafiə naziri şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb, çıxış edib. Xalq görür, qiymətləndirməyi də bacarır.
- Əvvəllər şəhidlərin dəfn mərasimlərinə biganəlik var idi. Valideynlər narazılıq edirdilər ki, nazirliyin yüksək rütbəli zabitləri mərasimlərdə iştirak etmir, diqqətsizlik yetəri qədərdir...
- Bəli, narazı olurdular. Müdafiə nazirimizin tapşırığı var. Biz bu saat çalışırıq ki, şəhid ailələri, müharibə əlilləri ilə məşğul olan ayrıca bir sektor yaradaq. Bu bölmə ancaq onların problemləri ilə məşğul olsun. Nazirin də tapşırığı odur ki, heç bir şəhid ailəsi diqqətdən kənarda qalmasın. Onlara diqqət göstərmək bu gün ön cəbhənin qalib gələcəyinə zəmin yaradır. Şəhid ailəsini övladının, əzizinin şəhidliyi yandırmır. Laqeydlik, biganəlik onları öldürür. Laqeydlik yoxdusa, vallah o şəhid ailəsi fəxr edəcək, başını dik tutacaq, deyəcək ki, Vətən sağ olsun. Azərbaycan əsgərinin bu gün heç nəyə ehtiyacı yoxdur. Bircə diqqət, qayğı və mənəvi dəstək lazımdır. Əsgərimiz öz gücüylə xalqın mənəvi ruhunun qalxmasına şərait yaratdı. Bu ruh ölməsin, yaşasın.
-Belə narazılıq da var idi ki, Qarabağ şikəstəsi oxuyan 1000 manat təqaüd alır, amma Qarabağ uğrunda döyüşüb şikəst olan isə 225 manat...
- Bu günə kimi yazdığım şeirim, mahnının bir manat da olsa qonorarını almamışam. Şəhid ailələri ilə bağlı 1941-45 müharibəsindən 10 il keçəndən sonra veteran təşkilatı yarandı. Dövlət tərəfindən qayğı göstərildi. Hələ müharibəmiz bitməyib. Bu gün dövlət bu qayğını, diqqətini göstərir. Birdəfəlik 11 min manat sığorta verilir. Hər cür qayğı var. Bəzən də elələri olur ki, bundan sui-istifadə edirlər. Şəhidlərini hörmətdən salırlar. Bunu mən qəbul etmirəm. Övıad Vətən uğrunda şəhid olub. Şəhid olanın özü də istəməzdi ki, onun şəhidliyindən sonra atası, anası qapılara düşsün. Şəhidin adı ucadır, onu qorumalıyıq. Şəhid ailələri də şəhidi ilə fəxr etdiyi kimi, onun şərəfinə xələl gəlməsin deyə işində məsuliyyətli olmalıdır. Dövlət bundan artıq nə qayğı göstərsin? Ölkənin iqtisadi gücü möhkəmlənəndə daha da yaxşı olacaq. Bir şəhid xanımı var idi, ona yardım etdik, o yardımı qəbul etmədi. Dedi ki, vaxtilə kirayədə yaşayıb, bəlkə, indi kirayə pulunu ödəməyə çətinlik çəkən zabit var, xahiş edirəm ki, bu yardımı onlara verin. Belə gözütox ailələrimiz də var.
- İndi cəbhədə aktiv döyüşlər getmir. Müharibə ehtimalı azalıbmı?
- Hər gün atəşkəs pozulur. Bu barədə nazirlik rəsmi məlumatlarını yayır. Düşmənə cavab verilir, susdurulur. Amma bu o demək deyil ki, müharibə qurtarıb. Bu gün Azərbaycan əsgəri hər an düşməni əks həmlə ilə susdurmağa hazırdır.
- Masanızın üstündə çoxlu medallar var. Bu iş bilavasitə sizə həvalə olunub?
- Bunlar şəhidlərin medallarıdır. Bu günlərdə təyin edilmiş qrafik üzrə təltif olunacaqlar. Medalları aparıb əvvəllər elə təqdim edirdilər ki, ailədən başqa heç kimin xəbəri olmurdu. Amma indi bütün ictimaiyyətin iştirakı ilə təltifetmə mərasimləri keçirilir. Təşkilati işlərlə isə idarənin bütün əməkdaşları məşğul olur.
Mənbə:> Qafqazinfo.az