Paris Vyana görüşünün yekunlarını alqışlayır
Fransa hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçirilmiş beynəlxalq görüşün yekunlarını alqışlayır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-nin rəsmisi Romen Nadal bildirib.
“Fransa mayın 16-da Vyanada keçirilmiş və aprelin 2-5 tarixlərində qeydə alınan qanlı toqquşmalardan sonra Ermənistan və Azərbaycan arasında dialoqu bərpa etməyə imkan vermiş görüşün nəticələrini alqışlayır”, - deyə, Nadal bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri görüş zamanı atəşkəs rejiminə əməl olunması barədə razılığa gəlib və münaqişənin dinc yolla nizamlanmasına sadiq olduqlarını bildirib, həmçinin insidentlərin araşdırılması mexanizminin tətbiqi kimi bir sıra tədbirlərin qəbulunun zəruriliyi barədə razılaşıblar.
“Bu öhdəliklər çox böyük əhəmiyyət kəsb edir. Fransa tərəfləri onlara riayət etməyə çağırır və rusiyalı və amerikalı tərəfdaşları ilə birgə Minsk qrupunun həmsədri qismində vasitəçi rolunu oynamağa davam edəcək”, - deyə, XİN rəsmisi bildirib.
Mənbə:> Oxu.Az