İlham Əliyev Bolqarıstan XİN rəhbərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyev və baş nazir Boyko Borisovla həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib.
Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlət başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib.
Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizin Bolqarıstanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Dövlət başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb.
Azərbaycanla Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirib. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Ölkələrimiz arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan prezident İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd edib.
Dövlət başçısı D.Mitovun ölkəmizə səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.
Bolqarıstanın xarici işlər naziri D.Mitov isə göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlıq edib.
Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.
Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az