Vüsalə Mahirqızı APA-nın erməni dili xidmətinin məqsədini açıqladı
“APA agentliyinin erməni dilində xəbər xidmətini yaratmaqda məqsəd Ermənistan ictimaiyyətinə, həmçinin dünyada erməni dilində oxuyan bilənlərə doğru informasiya çatdırmaqdır”.
Aznews.az-un xəbərinə görə, bu sözləri APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı deyib.
Onun sözlərinə görə, cəbhədə baş verən son hadisələr, məlumatların həm də erməni dilində yayınlanmasını daha zəruri edib: “İnformasiyaların təhlili onu göstərir ki, erməni mediası öz ictimaiyyətinə doğru xəbər çatdırmır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan reallıqları ilə bağlı xəbərlər tamamilə təhrif olunaraq çatdırılır. Elə son hadisələr zamanı real vəziyyət, Ermənistan Ordusunun itkiləri erməni xalqından gizlədildi. APA-nın erməni dili xidməti isə bu məlumatların Erməni ictimaiyyətinə tam dolğun, heç bir manipulyasiyaya yol vermədən çatdırılmasına xidmət edəcək”.
V.Mahirqızı əlavə edib ki, rəhbərlik etdiyi agentliyin erməni dili versiyasının yaradılması ideyası çoxdan olub: ”Bu ideya çoxdan var idi. Hələ bir neçə il əvvəl biz APA-da belə bir xidmət yaratmaq istəyirdik. Lakin son vaxtlar Ermənistan mediasının öz ictimaiyyətindən xəbərləri gizlətməsinin intensivləşməsi bu qərarı verməyimizə səbəb oldu”.
Yeni layihəsinin uğur qazanacağına əminliyini ifadə edən holdinq rəhbəri qeyd edib ki, bunun üçün Türkiyədən bir neçə mütəxəssis cəlb edilib: “Azərbaycanda erməni dilini mükəmməl bilən bir neçə mütəxəssis var. Biz onlarla çalışırıq. Eyni zamanda qonşu Türkiyədən də bir neçə mütəxəssis cəlb etmişik. Bizimlə həm erməni dilində yaza bilən jurnalistlər, araşdırmaçılar, eyni zamanda tərcüməçilər çalışacaq”.
Qeyd edək ki, bu gündən APA İnformasiya Agentliyi daha bir dildə xəbər xidmətinə başlayıb.
Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayımı ilə məşğul olacaq.
APA-nın erməni dilində xəbərləri ilə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.
Agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdıracaq.
Mənbə:> AzNews.az