Nazirlik 300 nəfəri işlə təmin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Məlumata görə, həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri qaçqın və məcburi köçkünlər, 62 nəfəri 20 yaşadək gənclər, 39 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdir.
Nazirlikdən qeyd edilib ki, digərləri müharibə veteranları, şəhid ailəsi üzvləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış vətəndaşlardır.
Xatırladaq ki, qeyd olunan şəxslər “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab edilirlər.
Mənbə:> Oxu.Az