“Kommersant”: Yerevanın demarşı Rusiyanı çətin vəziyyətə qoyur
Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağ üzrə danışıqların bərpası təxirə salınır. Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Moskvanın rəsmi şəxslərinin anons etdikləri yeni dialoq üçün şəraitin olmadığını bildirib.
Sarkisyan, həmçinin münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi üçün imkan görmür və ötən həftə Rusiya XİN rəhbəri Sergey Lavrovun Yerevana gətirdiyi təklifləri yeni hesab etmir. Hazırkı status-kvoya üstünlük verən Ermənistanın demarşı onun strateji müttəfiqi – Rusiyanı çətin vəziyyətə salır və Moskvanın təşəbbüs göstərdiyi danışıqlar prosesinin perspektivlərini dumanlı edir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Kommersant” qəzeti “Ermənistan Qarabağ haqqında danışıqlara getmir” məqaləsində yazır.
“Kommersant” qeyd edir ki, Ermənistan prezidenti Serj Sarkisyanın “Bloomberg” agentliyinə bəyanatları Dağlıq Qarabağda münaqişənin nizamlanması haqqında sürətli danışıqların tərəfdarlarını bir qədər sakitləşdirib.
Yerevan və Bakının dialoqu bərpa etməyə hazır olmaları barədə ötən həftə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bəyan etmişdi: “Təşəbbüs Vladimir Putindən gəlib. O, hər iki ölkə prezidentinə müraciət edib və indi danışıqlar prosesi hazırlanır. Ola bilsin, yaxın gələcəkdə danışıqların intensiv mərhələsi başlayacaq”.
Kremldəki yüksək rütbəli mənbə “Kommersant”a məlumatı təsdiq edib: “Biz tərəfləri ən yaxın zamanda danışıqlar masası arxasına əyləşdirmək üçün bütün zəruri diplomatik mexanizmləri işə salmışıq”.
Lakin Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Moskvanın bəyanatlarını rədd etməyə tələsib. O, guya yaxın günlərdə danışıqların başlayacağı ilə bağlı siqnalların olmasından təəccübləndiyini bildirib və onun rəyinə görə dialoqun bərpasını vaxtsız edən bir neçə səbəbi sadalayıb. Onlardan biri – etibar tədbirlərinin və təhlükəsizlik zəmanətinin yoxluğudur.
“Biz orada danışıqlara başlayacağıq, hərbçilər isə burada müharibəyə? Siz belə bir şeyi harda görmüşünüz?”, - deyə Sarkisyan bildirib.
Ötən həftə Sergey Lavrov Yerevana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilərlə razılaşdırılmış təkliflər gətirmişdi.
“Kommersant”ın məlumatına görə, söhbət ATƏT-in Minsk qrupunun Madrid prinsiplərinin modernləşdirilmiş versiyasından gedir.
“Sergey Lavrov heç vaxt, heç yerə əliboş getmir”, - deyə o zaman Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi və əlavə etmişdi ki, söhbət “plan, proqram, layihə, yaxud sənəddən deyil”, “müəyyən işləmələrdən” gedir.
Çərşənbə axşamı, “Bloomberg”ə verdiyi səs-küylü müsahibədən sonra Serj Sarkisyan güc strukturlarının rəhbərliyində dəyişikiklər etdi və birdən-birə üç yüksək rütbəli hərbçini işdən çıxardı: müdafiə nazirinin müavini Alik Mirzabekyan, ordunun rabitə qoşunları rəisi general-mayor Komitas Muradyan və ordu baş qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan.
“Kommersant”ın Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrinin məlumatına görə, yüksək rütbəli erməni hərbçilərin istefası Dağlıq Qarabağdakı son hadisələrlə birbaşa bağlıdır.
Arşak Karapetyan tabeliyində olan şəxslərin ali rəhbərliyi Azərbaycanın təmas xəttində ağır silahlar toplaması barədə ( o cümlədən TOS-1A odsaçan sistemləri) qabaqcadan xəbərdar edə bilmədikləri üçün işdən çıxarılıb.
Onların tətbiqindən sonra erməni hərbi qulluqçuları ciddi itkilər veriblər. Bundan başqa, Dağlıq Qarabağdakı xəstəxanalarda zərərçəkənlər üçün yanğın əleyhinə vasitələr olmayıb və onları təcili qaydada Moskvadan gətirməli olublar.
“Kommersant”ın məlumatına görə, Alik Mirzabekyanı “erməni hərbi qulluqçularının təchizatında yol verilən səhvlər”, Komitas Muradyanı isə “münaqişədən sonra qoşunlarda yaranmış problemlərə görə” tutduqları vəzifədən azad ediblər.
Kremldə Yerevanın erməni-Azərbaycan danışıqlarının bərpası üzrə tutduğu xüsusi mövqeyi hələlik şərh etmirlər.
Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi onu “çox kövrək” adlandırıb.
Erməni tərəfinin yaxın vaxtlarda danışıqlar masası arxasına qayıtmaq üzrə təkliflərlə bağlı səsləndirdiyi narazılıq fonunda Azərbaycan tərəfi dialoqa hazır olduğunu nümayiş etdirir və maksimum siyasi dividend qazanmağa çalışır.
“Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq”, - bu gün (dünən – red.) Azərbaycan prezidenti İlham Əliyev bildirib.
XİN rəhbəri Elmar Məmmədyarov isə “hərtərəfli siyasi prosesə başlamağa” çağırıb.
Yerevanın etirazlarına baxmayaraq, Ermənistan və Azərbaycan liderlərinin görüşü məsələsi hələlik gündəlikdən çıxarılmayıb. Bu günlərdə Bakıya gələn ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andriye təsdiqləyib: Minsk qrupu İlham Əliyev və Serj Sarkisyanın danışıqlarının təşkili üzrə cəhdlərini dayandırmaq niyyətində deyil.
Bununla yanaşı, Dağlıq Qarabağdakı hazırkı status-kvonu qoruyaraq heç bir güzəştə getməməyə üstünlük verən Yerevanın demarşı onun əsas strateji müttəfiqi – Rusiyanı çətin vəziyyətə salaraq, Moskvanın təşəbbüs göstərdiyi danışıqlar prosesinin perspektivlərini dumanlı edir.
“Moskva və Yerevanın vəziyyətində bu, quyruğun iti yellətdiyi vəziyyətə oxşayır. Lakin düşünmək lazım deyil ki, SSRİ dövründə olduğu kimi Moskva ipləri çəkir, keçmiş sovet respublikalarının liderlərinə tam nəzarət edir. Bu liderlərin keçə bilməyəcəkləri qırmızı xətt haqqında öz təsəvvürləri var”, - deyə, Beynəlxalq işlər üzrə Rusiya şurasının eksperti, politoloq Sergey Markedonov “Kommersant”a bildirib.
Eksperin fikrincə, Sarksiyanın sonuncu bəyanatları Ermənistandakı vəziyyətlə əlaqədardır – aprelin əvvəlində qeydə alınan itkilərdən sonra cəmiyyət daha radikal əhvaldadır və heç bir güzəştə hazır deyil.
“Bu vəziyyətdə siyasətçi danışıqlara razılıq verməklə, intihar etməyəcək. Sülh prosesinin bərpası üçün güclü motivasiya lazımdır ki, o da hələlik yoxdur”, - deyə, Sergey Markedonov “Kommersant”a bildirib.
Mənbə:> Oxu.Az